"Messier 77" qalaktikasının mərkəzi hissəsi bütün qalaktikadan daha parlaq olan son dərəcə yığcam və enerjili bir mənbəyə ev sahibliyi edir. Bu obyekt kütləsi təxminən səkkiz milyon Günəşə bərabər olan superkütləvi qara dəlik tərəfindən qidalanan aktiv qalaktik nüvədir. Ətrafdakı qaz qara dəliyin güclü cazibə qüvvəsi ilə mərkəzə doğru çəkilərək yüksək sürətli orbitlər yaradır. Proses zamanı maddələr toqquşur, sıxılır və ekstremal temperaturlara qədər qızaraq böyük miqdarda radiasiya yayır.
Qalaktikanın mərkəzindən uzanan parlaq narıncı şüalar əslində "Messier 77" üçün xarakterik xüsusiyyət deyil. Bunlar difraksiya sünbülləri adlanan optik artefaktlardır. Bu effekt aktiv qalaktik nüvədən gələn intensiv işığın "James Webb" teleskopunun altıbucaqlı güzgü seqmentləri ilə qarşılıqlı təsiri nəticəsində yaranır. Adətən yalnız çox parlaq ulduzlarda müşahidə edilən bu altı və iki uclu naxış, mərkəzi nüvənin qeyri-adi dərəcədə parlaq olması səbəbindən bu qalaktikada da özünü göstərir.
"Messier 77" qalaktikasında ulduzlar necə yaranır?
Parlaq nüvəsi ilə yanaşı, bu məkan həm də aktiv ulduzəmələgəlmə bölgəsidir. Teleskopun yaxın infraqırmızı diapazondakı müşahidələri qalaktikanın mərkəzini kəsən və optik görüntülərdə görünməyən nəzərəçarpan bir zolağı aşkar edib. Bu zolağın ətrafında spiral qolların daxili uclarının birləşdiyi yerdə ulduzların kütləvi şəkildə doğulduğu parlaq bir halqa formalaşıb. Məhz bu yüksək ulduz yaranma sürəti obyekti dinamik və daim təkamül edən bir sistemə çevirir.
Qalaktika yeni ulduzların yaranmasını qidalandıran qaz və tozla zəngin bir diskə malikdir. "James Webb" teleskopunun Orta İnfraqırmızı Aləti ("MIRI") vasitəsilə mavi rəngdə görünən və daha uzun dalğa uzunluqlarında parlayan soyuq toz təbəqələri qeydə alınıb. Bu məlumatlar görünən işığın hüdudlarından kənara çıxaraq qalaktikanın mövcud aktivliyini daha aydın təsvir etməyə kömək edir. Spiral qollar boyunca yerləşən parlaq narıncı ciblər isə yeni ulduz topalarının formalaşdığı bölgələri işarələyir.
"Kalmar qalaktikası" niyə bu qədər vacibdir?
Teleskopun lentə aldığı əsas strukturdan kənarda, qalaktikanın spiral qolları minlərlə işıq ili uzunluğunda zəif hidrogen halqasına qədər uzanır. Bu xarici halqada hələ də ulduzəmələgəlmə prosesləri davam edir. Daha uzaqlarda isə incə hidrogen axınları ətraf fəzaya yayılaraq qalaktikanın ətrafında nazik bir təbəqə yaradır. Məhz bu uzun, lamisə orqanlarına bənzəyən saplaqlara görə "Messier 77" həm də "Kalmar qalaktikası" kimi tanınır.
Bu son görüntü aktiv şəkildə ulduz formalaşdıran kütləvi yaxın qalaktikaların tədqiqinə həsr olunmuş 3707 nömrəli müşahidə proqramı əsasında əldə edilib. "James Webb" alətlərinin yüksək ayırdetmə qabiliyyəti böyük qaz və toz ehtiyatları ilə yanaşı, sıx ulduz topalarını da aydın şəkildə nümayiş etdirir. Əldə edilən bu unikal məlumatlar astronomlara kainatdakı bənzər qalaktikalarda ulduzların necə doğulduğunu, inkişaf etdiyini və nəhayət necə öldüyünü öyrənməyə misilsiz imkan yaradır.






