13 oktyabr 2023-cü ildə buraxılmış "NASA"-nın "Psyche" planetlərarası stansiyası öz səyahətinin ən vacib mərhələsinə – Mars ətrafında qravitasiya manevrinə hazırlaşır. 15 may 2026-cı ildə kosmik aparat Qırmızı planetin səthindən təxminən 4500 km məsafədə uçaraq onun cazibə qüvvəsindən təbii sürətləndirici kimi istifadə edəcək. Bu, missiyanın yeganə və ən əsas manevridir.
Qravitasiya manevri necə işləyir?
Kosmosda stansiyanı hərəkətə gətirən qüvvə günəş batareyaları ilə işləyən və ksenonla çalışan elektroplazma mühərrikləridir. Onlar stabil, lakin zəif dartı qüvvəsi yaradır. Məhz bu səbəbdən Mars ətrafında qravitasiya manevrini həyata keçirmək üçün stansiyanın sürətləndirilməsi əməliyyatına bir ildən çox vaxt əvvəl başlanılıb. Planetin qravitasiya sahəsindən istifadə etmək uçuş trayektoriyasını və yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə optimallaşdırmağa imkan verir.
Marsla yaxınlaşma nə vəd edir?
Marsla maksimum yaxınlaşma anında "Psyche" aparatının sürəti saatda təxminən 19 848 km olacaq. Manevrdən əlavə, bu uçuş elmi əhəmiyyət də daşıyır. Mühəndislər bort sistemlərinin işini yoxlaya, elmi cihazları kalibrləyə və sınaq müşahidələri apara biləcəklər. Artıq 3 may 2026-cı ildə aparat təxminən 4,8 milyon km məsafədən Marsın qeyri-adi aypara formalı siluetini lentə alıb.
100 kvintilyon dollarlıq asteroid niyə vacibdir?
Missiyanın son hədəfi əsasən metallardan ibarət olan unikal "16 Psyche" asteroididir. Alimlər ehtimal edirlər ki, bu obyekt Günəş sisteminin formalaşmasının ilkin mərhələlərində güclü toqquşmalar nəticəsində xarici təbəqələrini itirmiş qədim protoplanetin nüvəsinin bir hissəsi ola bilər. Bu obyektin öyrənilməsi Yer də daxil olmaqla, yer qrupu planetlərinin yaranma proseslərini daha yaxşı anlamağa kömək edəcək.
"Psyche" asteroidindəki metalların təxmini dəyəri 100 kvintilyon ABŞ dolları məbləğində qiymətləndirilir. Gələcəkdə onun sənaye məqsədli istismarı mümkün ola bilər. Lakin hazırda bu obyektin dəyəri yalnız elmi müstəvidədir, çünki o, planetlərin, xüsusən də Yerin nüvəsinin necə göründüyünü anlamaq üçün bənzərsiz bir fürsət təqdim edir.






