"TSMC" şirkəti qlobal istehsal şəbəkəsini genişləndirərək ABŞ və Yaponiyadan sonra Almaniyada da fəaliyyətini gücləndirir. "ComputerBase.de" nəşrinin "Economic Daily"yə istinadən verdiyi məlumata görə, Almaniyada inşası davam edən "Fab 24" zavodundakı "ESMC" birgə müəssisəsi gələn ilin sonunadək fəaliyyətə başlayacaq. Bu müəssisəyə Tayvandakı fabriklərin yenilənməsi nəticəsində boşa çıxan avadanlıqlar göndəriləcək.
Hazırda Tayvanda yerləşən "Fab 15" müəssisəsinin iki fərqli ixtisaslaşmış hissəsində irimiqyaslı modernləşdirmə işləri aparılır. DUV litoqrafiyasından istifadə edərək 28-nm və 22-nm çiplər istehsal edən "Fab 15A" yaxın gələcəkdə 4-nm texnologiyasına keçid edəcək. Məhz bu proses zamanı istifadədən çıxarılan köhnə avadanlıqlar Almaniyaya yola salınacaq. Qonşuluqdakı "Fab 15B" isə N7+ texnologiyasından N5 və N3 çiplərinin istehsalına keçəcək.
Ümumilikdə, "TSMC" "Fab 15" kompleksinin yenilənməsinə təxminən 3,2 milyard ABŞ dolları xərcləməyi planlaşdırır. Şirkətin gəlirlərinin təqribən 75 %-ni qabaqcıl litoqrafiya təşkil etdiyi üçün o, köhnə texnoloji proseslərdən tədricən imtina edir. Lakin Almaniya sənayesi, xüsusən də avtomobil elektronikası sistemləri üçün 28-nm və 22-nm texnologiyalarına hələ də böyük ehtiyac var. Bu səbəbdən Tayvanda lazımsız hala gələn avadanlıqların Avropaya köçürülməsi hər iki tərəf üçün səmərəli həll yolu hesab olunur.






