1988-ci ildə Fransanın şimal-qərbində yerləşən "Laval" qəsrindəki qurğuşun tabutda aşkar edilən qalıqlar, 350 ildən çox əvvəl vəfat etmiş bir qadına məxsusdur. Kompüter tomoqrafiyası vasitəsilə aparılan son araşdırmalar, bu qalıqların 1619-cu ildə 54 yaşında dünyasını dəyişən fransız aristokratı Anna d'Alegrə aid olduğunu təsdiqləyib. Alimlər onun dişlərinin ətrafında dolanmış nazik qızıl məftil konstruksiyasını aşkar ediblər.
Tədqiqatçılar hesab edirlər ki, Anna d'Alegr bu üsulla ağır diş əti xəstəliyi səbəbindən boşalan dişlərini bir yerdə saxlamağa çalışıb. Bununla yanaşı, onun ağız boşluğunda fil sümüyündən hazırlanmış süni diş də tapılıb. O dövrün Avropasında protezlər üçün adətən begemot sümüyündən istifadə edilsə də, bu tapıntı dövrün tibbi və estetik yanaşmaları haqqında maraqlı məlumatlar verir.
Arxeoloqların fikrincə, bu müalicə üsulu yalnız tibbi deyil, həm də sosial statusu qorumaq məqsədi daşıyırdı. XVII əsrdə diş itkisi insanın xarici görünüşünə və nitqinə ciddi təsir göstərirdi. Lakin qızıl məftil uzunmüddətli perspektivdə effektiv olmayıb, çünki bu konstruksiya mütəmadi olaraq sıxılma tələb edirdi və qonşu dişlərin də zədələnməsinə səbəb ola bilərdi.
Tədqiqat zamanı aristokratın bruksizm (dişləri sıxma və ya qıcqırtma) xəstəliyindən əziyyət çəkdiyi də məlum olub. Bu vəziyyətin onun həyatı boyu yaşadığı ağır streslə, o cümlədən iki dəfə dul qalması, dini müharibələrin şahidi olması və oğlunu itirməsi ilə bağlı olduğu ehtimal edilir. Araşdırmanın nəticələri "Journal of Archaeological Science: Reports" jurnalında dərc olunub.






