Stenford Universiteti-nin tədqiqatçıları gen terapiyası sahəsində inqilabi hesab olunan "TIGRa" adlı yeni alət hazırlayıblar. Bu texnologiya orqanizmdəki hüceyrələrin daxilində lazımi genləri aktivləşdirmək qabiliyyətinə malikdir. "CRISPR" əsaslı sistemlərdən fərqli olaraq, "TIGRa" daha kompakt ölçüsü ilə seçilir və bu, onun virus vektorları vasitəsilə hüceyrələrə çatdırılmasını xeyli asanlaşdırır.
"TIGRa" texnologiyası necə işləyir?
Yeni alət "TIGR-Tas" sisteminə əsaslanır və genetik kodun müəyyən hissələrini tapmaq üçün istiqamətləndirici RNT-dən istifadə edir. DNT-ni kəsmək əvəzinə, bu sistem hüceyrəni müvafiq zülalları daha çox istehsal etməyə təşviq edərək genləri aktivləşdirir. Eksperimentlər zamanı "TIGRa"-nın "CRISPR" analoqlarından iki dəfə kiçik olmasına baxmayaraq, eyni vaxtda 12 müxtəlif geni aktivləşdirə bildiyi sübut olunub.
Hansı xəstəliklərin müalicəsində istifadə edilə bilər?
Alimlər texnologiyanın effektivliyini siçanlar üzərində aparılan təcrübələrlə yoxlayıblar. Gözün torlu qişasının qorunması üçün "CaMKIIa" və "CaMKIIb" genlərini aktivləşdirən "TIGRa", görmə qabiliyyətinin itirilməsinin qarşısını almaqda uğurlu nəticələr göstərib. Gələcəkdə bu metodun əzələ distrofiyası, piylənmə, ürək-damar xəstəlikləri, xərçəng və neyrodegenerativ pozğunluqların müalicəsində tətbiqi nəzərdə tutulur. Tədqiqatın nəticələri "Cell Stem Cell" jurnalında dərc olunub.






