Missuri-Kanzas Siti Universiteti və Arizona Universiteti tədqiqatçılarının birgə apardığı araşdırmaya görə, 2005 və 2019-cu illər arasında insanların bir-biri ilə səsli ünsiyyəti təxminən 28 faiz azalıb. Mütəxəssislər pandemiyadan sonra bu vəziyyətin daha da pisləşdiyini ehtimal edirlər. Alimlər 2000-dən çox insanın gündəlik həyatını səsli qeydə aldığı 22 fərqli tədqiqatın məlumatlarını təhlil ediblər. Nəticələrə əsasən, 2005-ci ildə insanlar gün ərzində orta hesabla 16 632 söz tələffüz edirdilərsə, 2019-cu ildə bu göstərici 11 900 sözə qədər geriləyib.
Texnologiya ünsiyyətə necə təsir edir?
Gündəlik həyatımızın rəqəmsallaşması, tətbiqlər vasitəsilə sifarişlərin normaya çevrilməsi və mətn mesajlaşmasının artması canlı danışığın azalmasının əsas səbəbləri kimi göstərilir. "Wall Street Journal" nəşrinin qeyd etdiyi kimi, insanlarla qarşılıqlı əlaqənin azalması ciddi psixoloji təsirlər yaradır. Tədqiqat müəllifləri bildirirlər ki, məsələ yalnız tənhalıq epidemiyası və ya sui-qəsd nəzəriyyələrinə inanmaq riski ilə məhdudlaşmır. İnsanlar eyni zamanda başqalarının sözünü kəsməmək kimi ən təməl ünsiyyət bacarıqlarını belə itirirlər.
Hansı yaş qrupları daha çox risk altındadır?
Araşdırma zamanı gənclərin bu tendensiyaya daha çox meylli olduğu aşkar edilib. 25 yaşdan aşağı olan şəxslərin gündəlik istifadə etdiyi sözlərin sayı hər il 451 söz, 25 yaşdan yuxarı olanlarda isə 314 söz azalıb. Ümumi orta hesabla insanların gündəlik tələffüz etdiyi sözlərin sayı ildə 338 söz aşağı düşüb. Əgər bu azalma tempi sonrakı illərdə də davam edibsə, hazırda gün ərzində 10 000-dən az söz danışdığımız ehtimal olunur.
Vəziyyətdən çıxış yolu nədir?
Rəqəmlər narahatlıq doğursa da, Nevada Universitetinin (Reno) dilçilik üzrə professoru Valeri Fridland "Wall Street Journal"a verdiyi müsahibədə hələlik çaxnaşmaya ehtiyac olmadığını vurğulayıb. Onun sözlərinə görə, bəzi kiçik dəyişikliklərlə bu prosesi geri qaytarmaq mümkündür. Mütəxəssis valideynlərin körpələri ilə daha çox danışmasını, stasionar telefondan istifadəni və gün ərzində smartfonları bir müddət kənara qoymağı tövsiyə edir.






