"Starlink" ABŞ-da peyk interneti tariflərinin qiymətlərini artırıb. Ən ucuz 100 Mbit/s sürətli "Residential" planının aylıq ödənişi 50 ABŞ dollarından 55 ABŞ dollarına qaldırılıb. Eyni zamanda, 200 Mbit/s sürətli plan 80 ABŞ dollarından 85 ABŞ dollarına, "Residential Max" tarifi isə 120 ABŞ dollarından 130 ABŞ dollarına yüksəlib. Abunəçilərə əsas xidməti dayandıraraq limitsiz aşağı sürətli məlumatdan istifadə etməyə imkan verən "Standby Mode" artıq ayda 5 ABŞ dolları əvəzinə 10 ABŞ dollarına başa gəlir.
Şirkət "Roam" planlarının da qiymətini artırıb. Belə ki, 100 GB-lıq plan 50 ABŞ dollarından 55 ABŞ dollarına, limitsiz plan isə 165 ABŞ dollarından 175 ABŞ dollarına qalxıb. Yalnız 300 GB-lıq "Roam" planının qiyməti dəyişməz qalaraq 80 ABŞ dolları təşkil edir. Müştərilərə göndərilən mesajda "Starlink" qiymət artımını şəbəkə tutumunun sürətlə artırılması, əhatə dairəsinin genişləndirilməsi və xidmət keyfiyyətinin yaxşılaşdırılması ilə əlaqələndirib.
"Starlink" ABŞ-ın kənd yerlərində internetə çıxışı məhdud olan insanlar üçün əsas xilaskara çevrilsə də, bu vəziyyətin rəqabəti məhdudlaşdıracağı ilə bağlı narahatlıqlar var. Ötən həftə "SpaceX" şirkəti Federal Rabitə Komissiyasına ünvanladığı məktubda kənd yerlərində internet üçün ayrılan 4,5 milyard ABŞ dolları məbləğində subsidiyaların dayandırılmasını tələb edib. Şirkət iddia edir ki, peyk interneti yüksəksürətli genişzolaqlı şəbəkəyə çıxış problemini artıq "həll edib".






