"Starlink" peyk rabitəsi provayderi 20 may tarixindən etibarən "GPS" analoqu olan peyk naviqasiyası funksiyasını söndürəcəyi barədə istifadəçilərə xəbərdarlıq edib. "Ars Technica" nəşrinin məlumatına görə, müvafiq bildirişlər müştərilərə 21 aprel tarixində göndərilib və qərarın səbəbləri göstərilməyib. Maraqlıdır ki, əksər istifadəçilər bu cür funksiyanın mövcudluğundan belə xəbərdar deyildilər.
"SpaceX" şirkətinə məxsus olan bu peyk qruplaşması əsasən kommunikasiya xidmətləri üçün nəzərdə tutulub. Lakin 2025-ci ilin mayında ABŞ Federal Rabitə Komissiyasına ("FCC") göndərilən məktubda şirkət "Starlink" şəbəkəsinin mövqe təyini, naviqasiya və sinxronizasiya (PNT) xidmətləri göstərə biləcəyini açıq şəkildə etiraf etmişdi. Ostindəki Texas Universitetinin simsiz şəbəkələr və rabitə qrupunun (WNCG) direktoru Todd Humphreys bildirir ki, bu şəbəkənin "GNSS" üçün ehtiyat sistem kimi böyük üstünlükləri var. Onun sözlərinə görə, bu tamamilə fərqli bir sistemdir: tezliklər 10 dəfə, buraxılış zolağı 10-100 dəfə, güc isə 100-1000 dəfə daha yüksəkdir, peyklərin sayı isə 100 dəfə çoxdur.
Proqram təminatı tərtibatçısı Paul Sutherland öz bloqunda qeyd edib ki, əvvəllər "Starlink" mobil tətbiqinin "Sazlama məlumatları" bölməsində əlçatan olan daxili yerləşmə funksiyası mövcud idi. Bu xüsusiyyət istifadəçilərə autentifikasiya tələb olunmadan antenanın dəqiq enlik, uzunluq və hündürlük koordinatlarını lokal şəbəkələrlə paylaşmağa imkan verirdi. Əslində, "Starlink" antenaları ən yaxın peykləri tapmaq üçün öz daxili "GPS" qəbuledicilərinə malikdir.
Bununla belə, "Starlink" şəbəkəsinin mövqe təyini dəqiqliyi ənənəvi "GPS" sistemi ilə müqayisədə daha aşağıdır. Tədqiqatçılar hesab edirlər ki, şirkətin bu funksiyanı qəfildən ləğv etməsi gələcək planlarla bağlı ola bilər. Ehtimallara görə, "SpaceX" gələcəkdə bu naviqasiya xidmətini yenidən, lakin bu dəfə ödənişli əsaslarla təqdim etməyi planlaşdırır.






