"ИКС Холдинг" şirkətinin rəhbəri Aleksey Şelobkov "РБК" nəşrinə müsahibəsində bildirib ki, "Бюро 1440" layihəsinin peyk rabitəsi artıq sınaq qatarlarında test edilir. Onun sözlərinə görə, bu, uzaq məsafəyə hərəkət edən qatarları rabitə ilə təmin etməyin yeganə yoludur. Hazırda "РЖД" (Rusiya Dəmir Yolları) və "Бюро 1440" peyk avadanlıqlarının sərnişin qatarlarına inteqrasiyası üzərində birgə işləyir. Terminalların qatarlara quraşdırılması üçün xüsusi sistemlərin hazırlanması tələb olunur.
Ötən ilin yayında tərəflər arasında imzalanmış müqaviləyə əsasən, gələcəkdə bütün qatarlar bu terminallarla təchiz ediləcək. Şirkət nümayəndələri vurğulayırlar ki, Rusiyada 120 min kilometrdən çox dəmir yolu xətti rabitəsiz qalıb.
"Moskvadan Vladivostoka qədər olan altı yarım günlük yolun təxminən dörd günü ərzində qatarda heç bir rabitə olmur. Ölkəmiz çox böyükdür və onu tamamilə optik lifli kabellərlə əhatə etmək iqtisadi cəhətdən sərfəli deyil. Məhz bu səbəbdən nəqliyyat sənayesi bu xidmətin ilk istehlakçısıdır,"- deyə Aleksey Şelobkov qeyd edib.
"Бюро 1440" layihəsi İlon Mask tərəfindən yaradılmış "Starlink" sisteminə bənzər aşağı orbitli peyk qruplaşmasıdır. Gələcəkdə yüzlərlə aparat bütün dünyanı əhatə edərək müştərilərə 1 Qbit/s-ə qədər qoşulma sürəti təqdim edəcək. İlk 16 peyk 2025-ci ilin dekabrında orbitə buraxılmalı olsa da, bu proses mart ayına təxirə salınıb. Şirkət rəhbərinin sözlərinə görə, kosmik sənayedə gecikmələr normaldır, çünki orbitdəki səhvləri düzəltmək və ya kabelləri yeniləmək mümkün deyil.
Layihənin ümumi maliyyələşdirilməsi 430 milyard rus rublu təşkil edir. Bu məbləğin 25 faizi dövlət tərəfindən qarşılanır və əsasən dövlətə məxsus raketlərin, eləcə də buraxılış vasitələrinin təmin edilməsinə yönəldilib. "ИКС Холдинг" rəhbəri bildirib ki, xərclər şirkətin proqnozlarına uyğundur və ölkə daxilində bu xidmətlərə böyük tələbat var. Hazırda digər ölkələrlə də danışıqlar aparılır, lakin detallar hələlik açıqlanmır.






