Maks Plank adına Yerdənkənar Fizika İnstitutunun alimləri rentgen astronomiyasında mühüm kəşf ediblər. Tədqiqatçılar ilk dəfə olaraq Günəş sisteminin daxilində yaranan rentgen şüalanmasını dərin kosmosdan gələn oxşar fon şüalanmasından ayırmağa nail olublar. Bu nailiyyət sayəsində alimlər 1 keV-dan aşağı enerjiyə malik yumşaq rentgen səmasının indiyə qədərki ən aydın mənzərəsini əldə ediblər. Tədqiqatın nəticələri nüfuzlu "Science" jurnalında dərc olunub.
Rentgen şüalanması niyə maneə yaradırdı?
Tədqiqatçıların sözlərinə görə, Günəş sisteminin parıltısı karbon və oksigen kimi yüksək enerjili günəş küləyi ionlarının Yerin yuxarı atmosferindəki neytral atomları tutması nəticəsində yaranır. SWCX (günəş küləyi ilə yük mübadiləsindən yaranan parıltı) adlanan bu fenomen diffuz yumşaq rentgen səmasını öyrənmək cəhdlərinə təsir edən daimi fon siqnalıdır. Məhz bu siqnal Günəşin ətrafındakı isti plazma bölgəsini – Yerli İsti Qabarcığı tədqiq edən alimlərin məlumatlarını təhrif edirdi. Həmçinin, bu effekt kosmoloji modellər üçün həlledici əhəmiyyət daşıyan uzaq qalaktika klasterlərinin kənarlarındakı rentgen fonunun öyrənilməsinə də mane olurdu.
Tədqiqat necə həyata keçirildi?
Bu problemi həll etmək üçün Konrad Dennerl-in rəhbərlik etdiyi komanda "SRG/eROSITA" kosmik teleskopunun topladığı məlumatlardan istifadə edib. Yerüstü rəsədxanalardan fərqli olaraq, bu teleskop Yerdən təxminən 1,5 milyon kilometr məsafədə yerləşən L2 Laqranj nöqtəsində qərarlaşıb. Bu unikal mövqe rəsədxanaya əvvəlki müşahidə cəhdlərini boşa çıxaran rentgen parıltısından qaçmağa imkan verir. Alimlər 2019-2021-ci illər ərzində, yəni günəş aktivliyinin minimumundan artımına qədər olan dövrdə əldə edilmiş dörd səma icmalını təhlil ediblər.
Kəşfin əhəmiyyəti və yeni tapıntılar
Fərqli günəş aktivliyi dövrlərini müqayisə edən tədqiqatçılar heliosfer siqnalını dərin kosmosun fon şüalanmasından təcrid edə biliblər. Yeni xəritə göstərib ki, günəş minimumu zamanı emissiya zəif olub, lakin aktivlik artdıqca daha yüksək enliklərə yayılıb. Dəyişən emissiyanı ilk fərq edən tədqiqatçı Qabriele Ponti bu prosesi Günəş sisteminin rentgen şüaları ilə nəfəs almasına bənzədib. Bundan əlavə, məlumatların təhlili zamanı Yer orbitinin yaxınlığında Günəş ətrafında fırlanmayan, gücləndirilmiş rentgen şüalanması zonası da aşkar edilib.
Alimlər müəyyən ediblər ki, bu qeyri-adi fenomen Günəş sistemindən keçən helium atomları ilə dolu ulduzlararası qaz "küləyi" tərəfindən yaradılır. Günəşin qravitasiyası bu atomların trayektoriyasını əyərək 1970-ci illərdə mövcudluğu proqnozlaşdırılan "helium fokuslanma konusu"nu yaradır. Konrad Dennerl qeyd edib ki, bu kəşf təkcə uzaq kainatın müşahidələrini təmizləməyə imkan vermir, həm də Günəş fizikası və heliosfer dinamikası haqqında misilsiz anlayış təqdim edir.






