NASA-nın Beynəlxalq Kosmik Stansiyada (BKS) fəaliyyət göstərən "Expedition 74" missiyasının heyəti kompüter sistemlərinin yenilənməsi prosesinə başlayıb. NASA nümayəndəsi Coşua Finç "The Verge" nəşrinə verdiyi açıqlamada astronavtların istifadə edəcəyi yeni cihazları təsdiqləyib.
"Beynəlxalq Kosmik Stansiya Proqramı kosmik stansiya üçün növbəti noutbuk kimi "HP ZBook G9 Mobile Workstation" modelini seçib,"- deyə o bildirib.
"HP" şirkətinin məlumatına görə, BKS üçün xüsusi olaraq yığılmış "ZBook Fury G9" modeli yüksək texniki göstəricilərə malikdir. Cihaz "Intel Core Ultra 9 vPro HX" prosessoru, "Nvidia RTX Pro Blackwell" qrafik çipi, 128 GB DDR5 operativ yaddaş və dörd ədəd 2 TB NVMe SSD diski ilə təchiz edilib. Bu noutbukların fəaliyyəti üçün "NASA-ya məxsus" xüsusi enerji adapteri də hazırlanıb. Şirkətdən bildirilib ki, BKS əsasən sabit cərəyanla (DC) işlədiyindən, Yerdəki standart dəyişən cərəyan (AC) şarj cihazları orada yaramır. Buna görə də, həm kosmosda, həm də Yerdə işləyə bilən xüsusi AC/DC adapteri yaradılıb.
Hazırda stansiyada 100-dən çox "HP" iş stansiyası və mikrocazibə şəraitində işləmək üçün dizayn edilmiş printerlər aktiv şəkildə istifadə olunur. BKS-ə göndəriləcək 35 ədəd "HP ZBook Fury G9" noutbuku stansiyadakı üçüncü nəsil hesablama platforması olacaq. Lakin bu, stansiya üçün sonuncu böyük texnoloji yenilənmələrdən biri ola bilər. Belə ki, Beynəlxalq Kosmik Stansiyanın 2030-cu ildə orbitdən çıxarılması planlaşdırılır.






