"Proqress MS-32" kosmik yük gəmisi öz tapşırığını uğurla yerinə yetirdikdən sonra orbitdən çıxarılıb və atmosferin sıx qatlarına daxil olaraq parçalanıb. "Roskosmos" Telegram kanalının verdiyi məlumata əsasən, aparatın yanmayan qalıqları Sakit okeanın gəmiçilik üçün istifadə olunmayan sularına düşüb. Kosmik gəminin BKS-in "Zvezda" modulundan ayrılması 21 aprel tarixində Moskva vaxtı ilə saat 01:08-də baş tutub.
Ötən ilin sentyabr ayından etibarən Beynəlxalq Kosmik Stansiyanın Rusiya seqmentində fəaliyyət göstərən aparat mühüm əməliyyatlarda iştirak edib. Xüsusilə, 16 aprel tarixində gəminin mühərrikləri 303 saniyə işə salınaraq BKS-in orbitini 440 metr yüksəldib. Bu manevr "Soyuz MS-29" gəmisinin stansiyaya gəlişi və "Soyuz MS-28" aparatının enişi üçün əlverişli şəraitin yaradılmasına xidmət edib. Ümumilikdə, BKS-in fəaliyyəti dövründə stansiyanın orbiti 392 dəfə korreksiya edilib və hazırda Yerdən 420,09 km yüksəklikdə yerləşir.
Xatırladaq ki, 24 mart tarixində "Proqress MS-33" yük gəmisi BKS ilə uğurla birləşib. "Kurs" sistemində antenanın açılmaması səbəbindən bu proses əl rejimində həyata keçirilib. Həmin aparat stansiyaya su, ərzaq, yanacaq və elmi avadanlıqlar çatdırıb. 26 aprel tarixində isə "Baykonur" kosmodromundan "Proqress MS-34" gəmisinin buraxılışı planlaşdırılır.






