"NASA" mühəndisləri Mars üçün nəzərdə tutulan yeni nəsil helikopterlərin rotorlarını uğurla sınaqdan keçiriblər. Süni şəkildə yaradılmış Mars atmosferi şəraitində pərlərin ucları 1,08 Max sürətinə çataraq səs səddini aşıb. Bu nəticə "SkyFall" layihəsi çərçivəsində hazırlanan və məşhur "Ingenuity" aparatını üstələyəcək gələcək uçuş vasitələrinin inkişafında mühüm mərhələ hesab olunur.
Mütəxəssislərin sözlərinə görə, helikopter pərlərinin səs sürətinə yaxınlaşması ciddi aerodinamik çətinliklər yaradır. Artıq 0,8 Max sürətində zərbə dalğaları yaranır, havanın müqaviməti artır və konstruksiyaya əlavə yük salan turbulentlik meydana gəlir. 2021-ci ilin yanvarında "Perseverance" marsoxodu ilə birlikdə Marsa çatdırılan "Ingenuity" helikopteri məhz bu səbəbdən yalnız səs sürətindən aşağı rejimdə (maksimum 0,7 Max) fəaliyyət göstərirdi. Reaktiv Hərəkət Laboratoriyasının mühəndisi Yaakko Karras qeyd edib ki, əks külək əsərkən belə pərlərin səs sürətini aşmaması üçün aparatın fırlanma sürəti qəsdən məhdudlaşdırılmışdı. İlkin olaraq cəmi beş uçuş üçün nəzərdə tutulan bu aparat 2024-cü ildəki qəzaya qədər 72 uçuş həyata keçirib və qəzaya uçuş sisteminin nasazlığı deyil, məsafənin hesablanmasındakı xəta səbəb olub.
Yeni sınaqlar necə həyata keçirildi?
Yeni sınaqlar havanın təzyiqi Mars atmosferinə uyğunlaşdırılmış xüsusi kamerada baş tutub. "NASA"nın Eyms Tədqiqat Mərkəzinin aerodinamika üzrə mütəxəssisi Şanna Uitrou-Meyzer bildirib ki, komanda 1,05 Max sürəti gözləsə də, yekun nəticələr daha yüksək olub. Marsın atmosferi Yerin atmosferindən kəskin fərqlənir və sıxlığı cəmi 1-2 faiz təşkil edir. Bu səbəbdən Qırmızı planetdə səs sürəti Yerdəki dəniz səviyyəsində olan 1225 km/saat əvəzinə, təxminən 869 km/saat səviyyəsindədir.
Tədqiqatçılar iki fərqli rotor konstruksiyasını – üçpərli və ikipərli sistemləri sınaqdan çıxarıblar. Üçpərli variant dəqiqədə 3750 dövr edərək 0,98 Max sürətinə çatıb. Daha uzun pərlərə malik ikipərli sistem isə eyni sürəti dəqiqədə 3570 dövr ilə təmin edib. Müqayisə üçün qeyd edək ki, "Ingenuity" aparatının rotorları heç vaxt dəqiqədə 2700 dövrü keçməmişdi. Sınaq kamerasında qarşıdan əsən hava axını yaradan güclü ventilyator işə salındıqdan sonra pərlərin ucları 1,08 Max sürətinə çata bilib.
"SkyFall" missiyasının məqsədi nədir?
"NASA" mütəxəssislərinin məlumatına görə, bu cür yüksək sürətlərə keçid qaldırıcı qüvvəni təxminən 30 faiz artırmağa imkan verir. Nəticədə yeni Mars helikopterləri daha ağır elmi avadanlıqlar daşıya biləcək. Planlara əsasən, "SkyFall" missiyası 2028-ci ilin sonunda start götürəcək. Agentlik Qırmızı planetə birdən-birə üç yeni nəsil helikopter göndərməyi nəzərdə tutur və bu aparatlar gələcəkdə insanların eniş edəcəyi yerlərin kəşfiyyatı, həmçinin səthaltı su buzu ehtiyatlarının axtarışı ilə məşğul olacaq.






