NASA-nın Con Hopkins Universitetinin Tətbiqi Fizika Laboratoriyasında (APL) keçirilən struktur sınaqları uğurla yekunlaşıb. Dörd metr uzunluğunda olan "Dragonfly" aparatının korpusu artıq eniş dayaqlara, enerji təchizatı üçün radioizotop generator bölməsinə və səkkiz rotorun bərkidilməsi üçün lazımi hissələrə malikdir. İyulun 1-dən etibarən mühəndislər elektrik şəbəkələrinin və avionikanın quraşdırılmasına başlayıblar.
"Dragonfly" missiyası niyə vacibdir?
"Dragonfly" Günəş sistemindəki digər bir göy cisminin səthində müstəqil hərəkət edə bilən ilk uçuş aparatı olacaq. Titanın atmosferi Yer kürəsindən təxminən 1,5 dəfə sıxdır və cazibə qüvvəsi daha zəifdir, bu da drona uzun məsafələr qət etməyə imkan verəcək. Alimlər bu missiya vasitəsilə Titanın səthindəki üzvi molekulları araşdıraraq, həyatın yaranma prosesləri haqqında yeni məlumatlar əldə etməyi hədəfləyirlər.
Aparat hansı sınaqlardan keçib?
Yekun yığımdan əvvəl korpus buraxılış, atmosferə giriş və eniş zamanı yaranan yüklənmələrə qarşı bir sıra sınaqlardan keçirilib. Mühəndislər vibrasiya testləri zamanı rotorların aparatın digər sistemlərinə təsirini qiymətləndiriblər. Bundan əlavə, -179 °C temperaturda və yüksək təzyiqdə işləmə qabiliyyətini yoxlamaq üçün aparatın hermetikliyi yoxlanılıb.
Rabitə sistemi necə qurulub?
Aparatın üzərinə diametri 87 santimetr olan yüksək güclü antena quraşdırılıb. Bu antena hərəkətli qol vasitəsilə idarə olunur və Yerlə əlaqə yaratmaq üçün nəzərdə tutulub. "Dragonfly"-ın 2028-ci ilin iyulunda SpaceX şirkətinin "Falcon Heavy" raketi ilə kosmosa buraxılması və 2034-cü ildə Saturn sisteminə çatması planlaşdırılır.






