"NASA" kosmik fəzaya göndərilən "Artemis II" missiyasının heyəti üçün xüsusi oyanış pleylistini açıqlayıb. 50 ildən çoxdur davam edən ənənəyə əsasən, Uçuşları İdarəetmə Mərkəzi astronavtları musiqi ilə oyadaraq onların əhval-ruhiyyəsini yüksəltməyi hədəfləyir. Siyahı komandir Rid Vayzman, pilot Viktor Qlover və missiya mütəxəssisləri Kristina Kuk ilə Ceremi Hansen tərəfindən şəxsən tərtib edilib.
Astronavtlar kosmosda hansı mahnıları dinləyirlər?
"Instagram" sosial şəbəkəsində paylaşılan "Artemis II Wake-Up Songs" adlı pleylist "Young & Sick" qrupunun "Sleepyhead" treki ilə başlayır. Siyahıda həmçinin "John Legend" və "André 3000" tərəfindən ifa olunan "Green Light", "Chappell Roan"ın "Pink Pony Club" hiti və "Queen" ilə Devid Bouinin klassik "Under Pressure" dueti yer alır. "Glass Animals" və "Denzel Curry"nin ortaq işi olan "Tokyo Drifting" də astronavtların seçimləri arasındadır.
Musiqiçilər bu tarixi hadisəyə necə reaksiya verdilər?
Məşhur sənətçilər mahnılarının kosmosda səslənməsinə böyük sevinclə reaksiya veriblər. "Young & Sick" qrupu "Instagram"dakı şərhində həyatlarının artıq əvvəlki kimi olmayacağını qeyd edib. "Glass Animals" bunu həyatlarında baş verən ən möhtəşəm hadisə adlandırıb. "Denzel Curry" isə "To infinity and beyond muthafucka" ifadəsini işlədərək, kosmosda səslənən ilk repçi ("the First Rapper Played in Space") olduğunu vurğulayıb.
"Artemis II" missiyası hansı rekorda imza atdı?
1 aprel tarixində başlayan "Artemis II" missiyası bu gün başa çatır. Bu tarixi uçuş zamanı insanın Yerdən ən uzaq məsafəyə getməsi üzrə yeni rekord qeydə alınıb. Astronavtlar planetimizdən düz 406 771 kilometr uzaqlaşaraq bəşəriyyət tarixində yeni bir səhifə açıblar.
Missiya heyətinin Sakit okeana, San-Dieqo sahillərinə enişi planlaşdırılır. Ekipajın Yerə dönüşünü "YouTube", "HBO Max", "Amazon Prime", "Netflix" və "NASA+" platformaları vasitəsilə canlı izləmək mümkün olacaq.






