"NASA"-nın "Artemida" (Artemis) proqramında ciddi dəyişikliklər gözlənilir. Qeyri-rəsmi məlumatlara görə, agentlik "Lunar Gateway" stansiyasının əsas komponentlərindən biri olan "HALO" (Habitation and Logistics Outpost) yaşayış modulunun işlərini dayandırmaq barədə göstəriş verib. Bu addım "NASA"-nın bir neçə ay əvvəl elan etdiyi yeni strategiyanın davamı kimi qiymətləndirilir.
Martın 24-də keçirilən "Ignition" tədbirində agentlik proqramın prioritetlərini dəyişdiyini açıqlamışdı. Əsas diqqət Ayın orbitində stansiya tikməkdən, Ayın səthində daimi infrastrukturun yaradılmasına keçirilib. Bu dəyişiklik fonunda "Power and Propulsion Element" modulunun "SR-1 Freedom" missiyası çərçivəsində nüvə-elektrik mühərriki sınaqları üçün istifadə olunacağı bildirilmişdi.
"HALO" modulunun taleyi necə olacaq?
"HALO" modulu "Lunar Gateway" stansiyasının mərkəzi hissəsi olmalı idi. Onun hazırlanması üçün "Northrop Grumman" şirkətinə təxminən 1,1 milyard ABŞ dolları dəyərində müqavilə verilmişdi. Layihənin həyat təminatı sistemləri üzərində isə "Paragon Space Development Corporation" çalışırdı. Mənbələrin məlumatına görə, "Paragon" artıq işlərin dayandırılması barədə xəbərdarlıq alıb.
Ekspertlər hesab edir ki, 8-9 ton ağırlığında olan "HALO" modulunun Ay səthinə çatdırılması texniki cəhətdən çox çətindir və əlavə modifikasiyalar tələb edir. "Northrop Grumman" rəsmi təsdiq verməsə də, modulun gələcəkdə digər dərin kosmos missiyalarında istifadə oluna biləcəyini istisna etmir. "NASA" isə hələlik bu qərarın rəsmi səbəblərini açıqlamayıb.






