Moskva sakinləri may bayramları ərəfəsində rabitə problemləri ilə üzləşəcəklər. "Kommersant" nəşrinin telekommunikasiya bazarındakı mənbələrinə istinadən verdiyi məlumata görə, 5, 7 və 9 may tarixlərində Rusiya paytaxtında təhlükəsizlik məqsədilə mobil internetin kəsilməsi planlaşdırılır. Məhdudiyyətlərin miqyası hələlik tam aydın olmasa da, kəsilmələrin əsasən 7 may tarixindəki parad məşqi və 9 may Qələbə Günü ilə bağlı olacağı ehtimal edilir.
Şəhərin hansı ərazilərinin bu prosesdən təsirlənəcəyi və kəsilmələrin nə qədər davam edəcəyi barədə dəqiq məlumat yoxdur. Qeyd edək ki, paytaxtda analoji rabitə məhdudiyyətləri əvvəllər də tətbiq edilib. Ötən il 9 may ərəfəsində də rabitədə fasilələr qeydə alınmışdı. Bu ilin mart ayının əvvəlində isə şəhərdə mobil internet bir həftə yarımdan çox müddətə kəsilmiş və istifadəçilər üçün yalnız xüsusi ağ siyahıya daxil olan saytlara giriş imkanı yaradılmışdı.
"Vedomosti" nəşrinin məlumatına görə, "Beeline" şirkəti 5-9 may tarixlərində Moskva ərazisində mobil rabitənin məhdudlaşdırılacağı barədə abunəçilərinə mesajlar göndərdiyini təsdiqləyib. Məhdudiyyətlər SMS göndərişlərinə də şamil ediləcək. Şirkət müştərilərinə internetə daxil olmaq üçün "Wi-Fi" şəbəkəsindən, zənglər üçün isə "VoLTE" funksiyasından istifadə etməyi tövsiyə edir. Digər böyük operatorlar olan "MTS", "Megafon" və "T2" nümayəndələri isə məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.






