"Avropa Kosmik Agentliyi" ("ESA") və "Thales Alenia Space" şirkəti arasında 26,1 milyon avro dəyərində yeni müqavilə imzalanıb. Razılaşma "LISA" (Laser Interferometer Space Antenna) kosmik missiyası üçün nəzərdə tutulan teleskopların ilk inkişaf mərhələsini əhatə edir. Səhmlərinin 67 faizi "Thales", 33 faizi isə "Leonardo" şirkətinə məxsus olan müəssisə altı teleskopun dizaynı, inteqrasiyası və sınaqdan keçirilməsinə rəhbərlik edəcək. Layihənin optik hissələri üzrə işlər yüksək dəqiqlikli avadanlıqlar istehsal edən "Thales SESO" ilə birgə aparılacaq.
"LISA" missiyası necə işləyəcək?
Tarixdə ilk dəfə qravitasiya dalğalarını öyrənəcək bu kosmik rəsədxana bərabərtərəfli üçbucaq şəklində düzülmüş üç peykdən ibarət olacaq. Peyklər bir-birindən 2,5 milyon kilometr məsafədə yerləşəcək və aralarında lazer şüaları mübadiləsi aparılacaq. ABŞ-ın "LIGO" və İtaliyanın "Virgo" kimi yerüstü rəsədxanalarından fərqli olaraq, kosmik mühit seysmik vibrasiyalardan qorunmağa imkan verəcək. Sistem sınaq kütlələri arasındakı məsafə dəyişikliklərini atomdan belə kiçik olan pikometr dəqiqliyi ilə ölçə biləcək.
Rəsədxana yerüstü cihazların tuta bilmədiyi 0,1-dən 100 millisaniyəyə qədər olan aşağı tezlikli qravitasiya dalğalarına qarşı həssas olacaq. Bu texnologiya sayəsində alimlər ifrat kütləvi qara dəliklərin birləşməsini və kainatın ilkin inkişaf mərhələlərini öyrənə biləcəklər. Missiya 2015-ci ildə buraxılmış "LISA Pathfinder" aparatının uğurlu təcrübəsinə əsaslanır. Yeni peyklərin 2035-ci ildə "Ariane 6" daşıyıcı raketi vasitəsilə kosmosa göndərilməsi planlaşdırılır.
Teleskopların hazırlanmasında hansı texnologiyalar tətbiq edilir?
Teleskopların yaradılması missiyanın ən mürəkkəb texnoloji çağırışlarından biri hesab olunur. Altı cihazın hər biri temperatur dəyişikliklərinə qarşı son dərəcə dözümlü olan "Zerodur" adlı xüsusi keramika materialından hazırlanacaq. "Thales SESO" şirkəti optik səthlərin 0,2 nanometr dəqiqliyində cilalanmasını təmin edəcək. Müqavilənin mərhələli strukturu texniki riskləri azaltmağa və tələb olunan xüsusiyyətləri addım-addım yoxlamağa xidmət edir.
"NASA" layihədə iştirakını dayandırır?
Əvvəlcə bu altı teleskopun "NASA" tərəfindən təmin edilməsi nəzərdə tutulurdu. Hətta 2024-cü ilin mayında "L3Harris Technologies" tərəfindən hazırlanan mühəndislik prototipi təhvil verilmiş və oktyabrda nümayiş etdirilmişdi. Lakin "NASA"-nın 2026 və 2027-ci illər üçün nəzərdə tutulan büdcə təkliflərində "LISA" maliyyələşdirilən missiyalar siyahısına daxil edilməyib. Rəsmi olaraq layihədən çıxış elan edilməsə də, "Thales Alenia Space" hazırda avionika, telekommunikasiya və mühərrik sistemləri üzrə işləri davam etdirir.






