22 dekabr 2025-ci il tarixində Yaponiyanın yeni "H3" daşıyıcı raketinin səkkizinci buraxılışı zamanı faydalı yükün orbitə gedən yolda itirilməsinin səbəbləri məlum olub. Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyinin ("JAXA") apardığı araşdırmalar nəticəsində raketin yük bərkidilmə sistemində və digər modullarında ciddi konstruksiya qüsurları aşkar edilib.
Qəzaya səbəb olan əsas amil peykin bərkidilmə konstruksiyasındakı adgeziya problemi olub. Bu qüsur uçuş zamanı strukturun tamamilə dağılmasına gətirib çıxarıb. Mütəxəssislər analoji problemlərin raketin digər qovşaqlarında da olduğunu müəyyən edərək, bütün elementlərin struktur bütövlüyünü təmin etmək üçün təcili təmir işlərinə başlayıblar.
Mövcud texniki riskləri nəzərə alan "JAXA", qiymətli yükləri təhlükəyə atmamaq qərarına gəlib. Mənbələrin məlumatına görə, 10 iyun tarixində Kaqosima prefekturasındakı Taneqasima kosmodromundan həyata keçirilməsi planlaşdırılan doqquzuncu buraxılış yalnız sınaq statusu daşıyacaq. Bu uçuşda real peyk əvəzinə xüsusi maketdən istifadə ediləcək.
Qeyd edək ki, "H3" raketinin 2023-cü ildəki debüt uçuşu da qəza ilə nəticələnmişdi. Həmin vaxt pillələrin ayrılmasından sonra yuxarı mühərriklər işə düşməmiş və faydalı yük itirilmişdi. Bir neçə uğurlu missiyadan sonra səkkizinci buraxılışın da uğursuz olması Yaponiya kosmik proqramının qrafikdən geri qalmasına səbəb olub.






