NASA-nın "James Webb" kosmik teleskopu Süd Yolunun mərkəzindəki "Sgr A*" superkütləvi qara dəliyinin birbaşa yaxınlığında toz və su izləri müəyyən edib. Bu maddənin mənbəyi qara dəliyin ekstremal radiasiya mühitinə baxmayaraq, öz maddəsini itirməkdə davam edən "IRS 3" adlı qoca ulduzdur. Tədqiqatın nəticələri "Astronomy & Astrophysics" jurnalında dərc olunub.
Bu ulduzun xüsusiyyətləri nələrdir?
"IRS 3" ulduzu təkamülün son mərhələsində olan, nəhənglərin asimptotik budağına aid bir obyektdir. Bu cür ulduzlar ölçücə böyüyür, soyuyur və güclü ulduz küləkləri vasitəsilə qaz kütlələrini ətrafa yayır. Alimlər "MIRI" cihazının köməyi ilə ulduzun ətrafında silisium və oksigendən ibarət toz təbəqəsini, həmçinin ilk dəfə olaraq su molekullarını müşahidə ediblər.
Kəşfin elmi əhəmiyyəti nədir?
Məlum olub ki, "IRS 3" ulduzunun ətrafındakı qabıq təxminən 10 000 astronomik vahidə qədər uzanır və laylı quruluşa malikdir. Maddənin temperaturu ulduza yaxın ərazilərdə 1200 Kelvin, xarici hissələrdə isə 100 Kelvin civarındadır. "Sgr A*" qara dəliyindən cəmi 0,55 işıq ili məsafədə yerləşən bu ulduzun kütləsi Günəşin kütləsindən təxminən 6 dəfə çoxdur və yaşı 72 milyon il hesablanır. Bu kəşf, təkamül edən ulduzların qalaktikaların mərkəzi hissələrinin kimyəvi zənginləşməsində əvvəllər düşünüləndən daha böyük rol oynadığını göstərir.






