ETH Zurich tədqiqatçıları Yunanıstanda yerləşən Metana vulkanının 100 min illik sükut dövrünü araşdıraraq gözlənilməz nəticələr əldə ediblər. Zahirən tamamilə sönmüş görünən bu vulkanın dərinliklərində əslində davamlı olaraq nəhəng maqma kütləsi toplanıb. Tədqiqatçılar vulkanın gizli aktivliyini aşkar etmək üçün maqma soyuyarkən yaranan sirkon minerallarını analiz ediblər. Məlum olub ki, vulkanın səthi sakit qalsa da, daxili kameralarda proseslər heç vaxt dayanmayıb.
Sirkon kristalları nəyi üzə çıxardı?
Tədqiqatın baş müəllifi və ETH Zurich professoru Olivye Baxman bildirir ki, sirkon kristalları vulkanların daxili proseslərini qeyd edən "qara qutular" kimi fəaliyyət göstərir. Alimlər vulkanın 700 min illik tarixini əhatə edən 1250-dən çox kristalı tarixələndirərək onun daxili həyatını bərpa ediblər. Məlum olub ki, 100 min ildən çox davam edən sükut dövründə sirkonların böyüməsi pik həddə çatıb. Bu isə vulkanın altında intensiv maqmatik aktivliyin getdiyini birmənalı şəkildə sübut edir.
Maqma niyə səthə çıxa bilməyib?
Tədqiqat göstərir ki, Metana vulkanının üst kamerasını qidalandıran maqma su ilə həddindən artıq zəngin olub. Tektoknik plitələrin hərəkəti nəticəsində mantiya qatına daxil olan okean çöküntüləri və su maqma istehsalını sürətləndirib. Lakin maqma yuxarı qalxdıqca su ilə doyaraq qabarcıqlar yaradıb və kristallaşma prosesi başlayıb. Bu proses maqmanın özlülüyünü artıraraq onun hərəkətliliyini məhdudlaşdırıb və səthə çıxmasının qarşısını alıb.
Qlobal vulkanik risklər üçün nəticələr
Tədqiqatın aparıcı müəllifi, vulkanoloq Rəzvan-Qabriel Popa qeyd edir ki, bu kəşf subduksiya zonalarındakı bir çox vulkanlar üçün keçərli ola bilər. Uzunmüddətli vulkanik sükut heç də təhlükənin sovuşması demək deyil. Əksinə, bu, daha böyük və potensial olaraq daha dağıdıcı maqmatik sistemin formalaşmasına işarə edə bilər. Alimlərin fikrincə, on minlərlə ildir sönmüş hesab edilən vulkanların təhlükə səviyyəsi yenidən qiymətləndirilməlidir.
Monitorinq sistemləri necə dəyişməlidir?
Geochemistry, Geophysics, Geosystems jurnalında dərc edilən araşdırma qlobal vulkan monitorinqi sistemləri üçün xəbərdarlıq xarakteri daşıyır. Yunanıstan, İtaliya, İndoneziya və Yaponiya kimi ölkələrdəki aidiyyəti qurumlar zəlzələ ölçümləri, qaz emissiyaları və geofiziki görüntüləmə kimi müasir alətlərdən istifadə edərək gizli prosesləri izləməlidir. Bu yanaşma gələcəkdə baş verə biləcək fəlakətlərin qarşısını almaq üçün həyati əhəmiyyət daşıyır.






