"Bandai Namco" şirkəti keçən il anons edilən canlı "Elden Ring" filminin 3 mart 2028-ci ildə kinoteatrlarda nümayiş olunacağını rəsmən təsdiqləyib. Ekran əsərinin çəkilişlərinə bu yaz başlanması nəzərdə tutulur. Layihə "FromSoftware" tərəfindən 2022-ci ildə buraxılmış eyniadlı açıq dünya fantaziya rol oyununa əsaslanır. Filmin istehsalını məşhur "A24" studiyası həyata keçirir. Ekran işinin həm ssenaristi, həm də rejissoru qismində "Annihilation" və "Civil War" kimi filmlərdən, eləcə də "28 Days" zombi franşizasından tanıdığımız Alex Garland çıxış edəcək.
Süjet barədə detallar hələlik məxfi saxlanılsa da, layihənin əsas aktyor heyəti artıq məlumdur. Siyahıda Kit Connor, Ben Whishaw, Cailee Spaeny, Tom Burke, Havana Rose Liu, Sonoya Mizuno, Jonathan Pryce, Ruby Cruz, Nick Offerman, John Hodgkinson, Jefferson Hall, Emma Laird və Peter Serafinowicz kimi adlar yer alır. Aktyorların hansı rolları canlandıracağı isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, "Elden Ring" filmə uyğunlaşdırılan yeganə böyük fantaziya oyunu deyil. "Super Mario" animasiya filmlərinin uğurundan sonra "Nintendo" şirkəti də 7 may 2027-ci ildə premyerası planlaşdırılan canlı "The Legend of Zelda" filmi üzərində işləyir.






