Çin Elm və Texnologiya Universiteti-nin alimləri üzvi molekullarda, o cümlədən dərman birləşmələrində hidrogen atomlarını deyteriumla əvəz etməyin innovativ yolunu tapıblar. Bu proses otaq temperaturunda və normal atmosfer təzyiqində həyata keçirilir. Tədqiqatın əsasını Pd/C₃N₄ (palladium və karbon nitrid) nanohissəcikləri əsasında hazırlanan fotokatalizator təşkil edir.
Təcrübələr zamanı ağır su (D₂O) deyterium mənbəyi kimi istifadə olunub və reaksiya 410 nm dalğa uzunluğuna malik işıq altında başladılıb. Alimlər bu metodu 54 fərqli üzvi birləşmə üzərində sınaqdan keçiriblər. Nəticədə, hidrogenin deyteriumla əvəzlənmə dərəcəsi 99%-ə çatıb. Tədqiqatın miqyasını göstərmək üçün 10 mmol həcmində 2,17 qram deytərilənmiş dərman birləşməsi sintez edilib.
Bu texnologiya nə üçün əhəmiyyətlidir?
Deyterium hidrogenin sabit ağır izotopudur və onun molekullara daxil edilməsi maddənin metabolizm sürətini dəyişə bilir. Bu xüsusiyyət dərmanların hazırlanmasında, kimyəvi tədqiqatlarda və diaqnostikada geniş tətbiq olunur. Mövcud üsullar adətən yüksək temperatur (120 °C-dən yuxarı) və yüksək təzyiq tələb etdiyi halda, yeni yanaşma daha təhlükəsiz və səmərəli şərait təklif edir.
Tədqiqatın nəticələri "Angewandte Chemie International Edition" jurnalında dərc olunub. Alimlər qeyd edirlər ki, hələlik laboratoriya səviyyəsində olan bu metod, gələcəkdə mürəkkəb üzvi birləşmələrin və farmasevtik preparatların sintezində sənaye miqyasında tətbiq oluna bilər.






