"Massaçusets Texnologiya İnstitutunun" (MIT) mühəndisləri tərəfindən aparılan yeni tədqiqat bitkilərin yağış səsini qavraya bildiyini üzə çıxarıb. Düyü toxumları üzərində aparılan sınaqlar göstərib ki, su damcılarının səsi toxumları sükunət vəziyyətindən çıxararaq onların cücərməsini stimullaşdırır. "Scientific Reports" jurnalında dərc edilən bu kəşf, bitki toxumlarının təbiətdəki səsləri tanıya bilməsinə dair ilk birbaşa sübut hesab olunur. Tədqiqatçılar düyünün həm torpaqda, həm də suda cücərə bilməsini nəzərə alaraq, eksperimentləri dayaz su konteynerlərində həyata keçiriblər.
Toxumlar səsi necə qavrayır?
Alimlərin irəli sürdüyü fərziyyəyə görə, yağış damcısı su və ya torpaq səthinə çırpıldıqda ətraf mühitdə, o cümlədən suyun altında olan toxumlarda vibrasiya yaradan səs dalğaları əmələ gətirir. Bu vibrasiyalar toxumların daxilində qravitasiyanı qavramağa cavabdeh olan kiçik orqanoidləri — statolitləri hərəkətə gətirmək üçün kifayət edir. Statolitlərin yerdəyişməsi toxumlar üçün böyüməyə başlamaq siqnalı rolunu oynayır. "MIT" professoru Nikolas Makrisin sözlərinə görə, yağış səsinin enerjisi toxumun inkişafını sürətləndirmək iqtidarındadır.
Bitkilərin toxunuşa, işığa və hətta toksik qoxulara qarşı həssas olduğu əvvəldən məlum idi. Qravitasiyanın hiss edilməsində əsas rolu oynayan statolitlər hüceyrə membranına çökərək köklərin böyümə istiqamətini müəyyən edir. 1980-ci illərdə aparılan tədqiqatlara əsaslanan Nikolas Makris sualtı mühitdə yağış səsinin havadan daha uca olduğunu vurğulayıb. Suyun altında kiçik məsafədə yağış damcısının yaratdığı səs dalğalarının təzyiqi, havada bir neçə metr məsafədə işləyən reaktiv mühərrikin səs təzyiqi ilə müqayisə edilə bilər.
Eksperiment necə həyata keçirilib?
Fərziyyəni yoxlamaq üçün tədqiqatçılar dayaz su qablarına təxminən 8000 düyü toxumu yerləşdiriblər. Toxumların bir qismi yalnız səs dalğalarının çata biləcəyi məsafədən düşən damcıların səsinə məruz qalıb. Alimlər yüngül, orta və şiddətli yağışı simulyasiya edərək damcıların ölçüsünü və düşmə hündürlüyünü dəyişiblər. Real su hövzələrindəki akustik vibrasiyalar hidrofon vasitəsilə ölçülərək sınaq mühitinə tətbiq edilib.
Nəticələr göstərib ki, yağış səsinə məruz qalan toxumlar nəzarət qrupu ilə müqayisədə 30-40 faiz daha sürətlə cücərib. Su səthinə daha yaxın olan toxumlar səsi daha yaxşı qavrayaraq daha tez böyüyüb. Alimlər hesab edirlər ki, bu mexanizm bioloji üstünlük yaradır: səsə reaksiya verən toxum rütubəti udmaq və təhlükəsiz cücərmək üçün optimal dərinlikdə olduğunu "anlayır". Fizik hesablamalar da təsdiqləyib ki, yağışın səsi həqiqətən də toxumların statolitlərini hərəkətə gətirmək gücünə malikdir.






