11 aprel tarixində "Artemis II" missiyası uğurla başa çatıb. Təxminən doqquz günlük kosmik səyahətdən sonra "Integrity" adlı "Orion" kapsulu Sakit okeana eniş edib. Göyərtədə "Apollo" proqramından bəri aşağı Yer orbitini tərk edən ilk astronavtlar – komandir Rid Uayzman, pilot Viktor Qlover, missiya mütəxəssisləri Kristina Kox və Ceremi Hansen yer alıb. "NASA" və ABŞ Hərbi Dəniz Qüvvələri dərhal axtarış-xilasetmə əməliyyatlarına başlayaraq heyəti təhlükəsiz şəkildə gəmiyə təxliyə ediblər.
Kapsulun Yerə eniş prosesi necə baş tutdu?
6 aprel tarixində Ayın ətrafından dövrə vuran kosmik gəmi Yer atmosferinə daxil olarkən ekstremal sınaqlardan keçib. 11 aprel Moskva vaxtı ilə saat 03:33-də Avropa xidmət modulu yaşayış modulundan ayrılıb. Atmosferə saniyədə təxminən 11 kilometr (saatda 38 min kilometr) sürətlə daxil olan "Orion" güclü istiliklə üzləşib. İstilik qoruyucu ekranının səthində temperatur 3000 dərəcəyə çatıb. Plazma yaranması səbəbindən heyətlə radioəlaqə gözlənildiyi kimi təxminən 6 dəqiqə kəsilib.
Ən kritik mərhələni geridə qoyan kapsulun sürəti paraşütlərin açılması ilə tədricən azalıb. Əvvəlcə pilot və stabilləşdirici, daha sonra isə əsas paraşütlər işə düşüb. Nəticədə, startdan 9 gün, 1 saat, 32 dəqiqə və 15 saniyə sonra, saat 04:07-də San-Dieqo sahilləri yaxınlığında təhlükəsiz su enişi reallaşıb. Bu uğur, "NASA"-nın insanları Aya çatdırıb sağ-salamat geri qaytarmaq qabiliyyətini sübut etdi.
"Artemis" proqramının gələcək hədəfləri nələrdir?
"SLS" raketi və "Orion" kapsulundan ibarət sistemin etibarlılığı təsdiqləndikdən sonra diqqətlər növbəti missiyalara yönəlib. 2027-ci ilin əvvəlinə planlaşdırılan "Artemis III" missiyası artıq Ayın səthinə enişi nəzərdə tutmur. Bunun əvəzinə, astronavtlar Yer orbitində "Orion" ilə kommersiya eniş modulu arasında yaxınlaşma və birləşmə əməliyyatlarını sınaqdan keçirəcəklər. Bu manevrlər gələcəkdə insanların birbaşa Ay səthinə enməsini təmin edəcək sistemlərə keçid üçün mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, "NASA" Ay ətrafında fırlanacaq "Lunar Gateway" kosmik stansiyası üzərində işləri dayandırıb. Agentlik 24 mart tarixində elan etdiyi yeni "Ignition" strategiyasına əsasən, cari onillikdə Ay səthində daimi insan iştirakını təmin etmək üçün birbaşa Ay bazasının inşasına diqqət ayıracaq. "Artemis III" missiyasının tam təfərrüatları, o cümlədən heyət və kommersiya modulu barədə məlumatlar bu ilin sonlarında açıqlanacaq.






