"Google" şirkəti "Android" platformasında təhlükəsizliyi gücləndirmək üçün yeni funksiyalar təqdim edir. "Google Messages" tətbiqində tətbiq olunacaq "təkmilləşdirilmiş müdafiə" rejimi, naməlum göndəricilərdən gələn mesajları analiz etmək üçün bulud əsaslı "Gemini AI" modellərindən istifadə edəcək. Bu texnologiya fırıldaqçıların gizli niyyətlərini aşkar edərək istifadəçiləri potensial təhlükələrdən qorumağa kömək edəcək.
İstifadəçi məlumatlarının məxfiliyini qorumaq üçün bütün analiz prosesi şifrələnmiş və təhlükəsiz bir mühitdə həyata keçirilir. "Google" qeyd edir ki, bu məlumatlara şirkətin özü də daxil olmaqla, kənar şəxslərin girişi mümkün deyil. Bundan əlavə, "Gemini Nano" modeli vasitəsilə naməlum URL keçidləri istifadəçi tərəfindən açılmazdan əvvəl yoxlanılaraq onların zərərli olub-olmadığı müəyyən edilir.
Təhlükəsizlik yenilikləri bununla bitmir; yeni funksiyalar həmçinin zərərli tətbiqlərin zənglərin yönləndirilməsi funksiyasını aktivləşdirməsinin qarşısını alır. Eyni zamanda, "Chrome" və "Android WebView" vasitəsilə ekran paylaşımı zamanı həssas məlumatlar avtomatik olaraq gizlədilir. "Google", fırıldaqçılığın aşkarlanması funksiyasını "Honor", "Motorola", "Oppo", "OnePlus", "Realme", "Tecno", "Vivo" və "Xiaomi" kimi digər istehsalçıların cihazlarına da genişləndirərək, ilin sonuna qədər yüz milyonlarla istifadəçiyə çatdırmağı planlaşdırır.






