ABŞ-ın Syracuse Universitetindən olan alimlər qrupu tərəfindən aparılan araşdırmalar nəticəsində elm dünyası üçün yeni bir kəşf edilib. "Incendiamoeba cascadensis" adlandırılan bu amöb növü, 63 °C temperaturda belə hüceyrə bölünməsini və çoxalmasını davam etdirə bilir. Bu göstərici, əvvəllər 60 °C olaraq qəbul edilən eukariotik orqanizmlərin çoxalma həddini əhəmiyyətli dərəcədə üstələyir.
Bu orqanizm necə kəşf edilib?
Tədqiqatçılar Beril Rappaport və Angela Oliverionun rəhbərliyi ilə 2023–2025-ci illərdə Kaliforniyadakı "Lassen-Volkanik" milli parkının geotermal bulaqlarından nümunələr toplanıb. 20 fərqli nöqtədən 14-ündə aşkar edilən bu orqanizm, 49 ilə 65 °C arasında dəyişən su mühitində yaşayır. Laboratoriya şəraitində aparılan müşahidələr zamanı amöbün 42 °C-dən etibarən böyüməyə başladığı və 55–57 °C aralığında ən yüksək aktivlik göstərdiyi müəyyən edilib.
Genetik xüsusiyyətləri nələrdir?
Alimlər "Incendiamoeba cascadensis"in genomunu sekvensiya edərək, onun yüksək temperatura davamlılığını təmin edən xüsusi mexanizmləri aşkar ediblər. Orqanizmin genomunda zülalların strukturunu qoruyan, genom sabitliyini təmin edən və ətraf mühit dəyişikliklərinə reaksiya verən genlərin sayı olduqca çoxdur. Bu genlər, bakteriya və arxeylərdə rast gəlinən istilik şoku zülallarına bənzər xüsusiyyətlər daşıyır.
Nə üçün bu kəşf vacibdir?
Bu amöb növü sadəcə istiyə dözümlü deyil, həm də həyat fəaliyyəti üçün yüksək temperaturu tələb edən əsl termofil orqanizmdir. "Cell" jurnalında dərc olunan araşdırma, eukariotik həyatın temperatur limitlərinin əvvəllər təxmin ediləndən daha geniş olduğunu sübut edir. Tədqiqatçılar gələcəkdə daha ekstremal şəraitlərdə yaşayan orqanizmlərin tapıla biləcəyini istisna etmirlər.






