"Nature" jurnalında dərc olunan yeni elmi araşdırmaya görə, ağır formada keçirilən "COVID-19" infeksiyası insan orqanizmində uzun müddət passiv vəziyyətdə qalan virusların yenidən oyanmasına səbəb olur. Tədqiqatçılar 2020 və 2021-ci illərdə xəstəxanaya yerləşdirilmiş 1000-dən çox pasiyentin tibbi məlumatlarını təhlil edərək, bu nəticəyə gəliblər ki, SARS-CoV-2 virusu immun sistemində ciddi pozuntular yaradır.
Hansı viruslar aktivləşir və bu necə baş verir?
İnsan orqanizmində ömür boyu qala bilən viruslar, o cümlədən Epşteyn-Barr, sitomeqalovirus və anelloviruslar immun sistemi zəiflədikdə aktivləşməyə başlayır. Araşdırma göstərir ki, pasiyentlərin yarısından çoxunda bu virusların reaktivasiyası müşahidə olunub. Maraqlıdır ki, virusların oyanma vaxtı fərqlidir: Epşteyn-Barr və anelloviruslar xəstəliyin erkən mərhələsində, sitomeqalovirus və sadə herpes isə təxminən üç həftə sonra aktivləşir.
Bu kəşf müalicə üsullarını necə dəyişə bilər?
Tədqiqatın müəllifləri, o cümlədən Texas Universitetindən həkim-neyroimmunoloq Ester Melamed qeyd edir ki, "COVID-19" orqanizmdə stress mühiti yaradaraq gizli virusları hərəkətə keçirir və bu da öz növbəsində iltihab proseslərini daha da gücləndirir. Mütəxəssislərin fikrincə, bu tapıntı aktivləşmiş virusları boğmaq üçün mövcud antiviral preparatlardan istifadə edərək yeni müalicə strategiyalarının hazırlanmasına yol aça bilər.






