Çinli astronomlar "3I/ATLAS" adlı ulduzlararası obyektin süni mənşəli radio siqnallar yayıb-yaymadığını müəyyən etmək üçün ən həssas tədqiqatlardan birini həyata keçiriblər. Müşahidələr üçün dünyanın ən böyük radioteleskopu olan "FAST" (Five-hundred-meter Aperture Spherical Telescope) istifadə olunub. Tədqiqatın nəticələri göstərib ki, obyekt tərəfindən yayılan hər hansı etibarlı süni radio siqnalı mövcud deyil.
Tədqiqat hansı metodla aparılıb?
Əvvəlki axtarışlardan fərqli olaraq, bu dəfə alimlər periodik modulyasiya olunmuş radio siqnallara diqqət yetiriblər. Tədqiqatçılar qeyd edirlər ki, hipotetik yadplanetli ötürücülər enerjiyə qənaət və ya kosmosun skan edilməsi məqsədilə siqnalları fasilələrlə göndərə bilər. Məlumatların işlənməsi üçün "Canonical Polyadic Decomposition" (CPD) metodu tətbiq edilib ki, bu da siqnalların spektral strukturunu və dövriliyini dəqiq təhlil etməyə imkan verib.
Nəticələr nəyi göstərir?
Üç saatlıq müşahidələr ərzində 1,05-1,45 GHz tezlik diapazonunda minlərlə siqnal komponenti analiz edilib. İlkin mərhələdə diqqət çəkən üç potensial namizəd siqnalın sonradan texniki maneələr və ya teleskopun öz kalibrləmə siqnalları olduğu müəyyənləşib. Nəticədə, 0,146 vatt-dan yüksək gücə malik heç bir süni ötürücü aşkar edilməyib.
Alimlər vurğulayırlar ki, bu nəticə yadplanetli texnologiyaların mövcud olmadığını sübut etmir. Sadəcə olaraq, müşahidə müddətində "3I/ATLAS" istiqamətindən tədqiq edilən tipdə heç bir periodik siqnal qeydə alınmayıb.
Gələcəkdə tədqiqatçılar daha yüksək zaman ayırdetmə qabiliyyətinə malik metodlarla axtarışları davam etdirməyi planlaşdırırlar. Bu yanaşma daha qısa impuls tipli texnosiqnaturaların aşkarlanması ehtimalını artıracaq. Tədqiqatın tam mətni "arXiv" jurnalında dərc olunub.






