Təxminən bir il əvvəl astronomlar Günəş sisteminə aid olmayan və səmamızda sürətlə hərəkət edən yeni bir komet aşkar etdilər. "3I/ATLAS" adlandırılan bu ulduzlararası obyektin dəqiq haradan gəldiyi hələ də naməlum olaraq qalır. Lakin Miçiqan Universiteti tərəfindən aparılan və "Nature Astronomy" jurnalında dərc edilən yeni tədqiqat onun mənşəyi barədə mühüm məlumatlar təqdim edir. "NASA", ABŞ Milli Elm Fondu və Çili Milli Tədqiqat və İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən araşdırma göstərir ki, komet bizim sistemimizdən qat-qat soyuq mühitdə formalaşıb.
"3I/ATLAS" kometinin suyunda hansı fərqlər var?
Tədqiqatın əsas müəllifi, Miçiqan Universitetinin astronomiya fakültəsinin doktorantı Luis Salazar Mansano bildirir ki, kometin tərkibindəki su qeyri-adi dərəcədə deytriumla zəngindir. Normal su molekullarında hidrogen atomlarının nüvəsində yalnız bir proton olur, lakin deytriumda əlavə olaraq bir neytron da mövcuddur. "3I/ATLAS" kometindəki ağır suyun nisbəti indiyədək müşahidə edilən bütün planet sistemlərindən daha yüksəkdir. Bu göstərici Günəş sistemindəki hər hansı bir kometdən 30 dəfə, Yer kürəsinin okeanlarındakı sudan isə 40 dəfə çoxdur.
Bu kəşf nə üçün vacibdir?
Tədqiqatın həmmüəllifi və dosent Teresa Panek-Karrenyo qeyd edir ki, əldə olunan nəticələr kometin daha aşağı temperatur və zəif radiasiya səviyyəsinə malik bir yerdən gəldiyini sübut edir. Onun sözlərinə görə, bu fakt Günəş sisteminin yaranmasına səbəb olan şərtlərin kosmosda heç də hər yerdə eyni olmadığını təsdiqləyir. Alimlər vurğulayırlar ki, fərqli qalaktikalardakı planet sistemlərinin təkamül prosesləri bizim sistemimizdən kəskin şəkildə fərqlənə bilər.
Tədqiqat necə həyata keçirilib?
Bu misilsiz araşdırmanın uğurla nəticələnməsi üçün bir neçə amil üst-üstə düşüb. İlk olaraq, Arizona ştatındakı "MDM" rəsədxanasında kometdən qaz atılmasının ilkin əlamətləri qeydə alınıb. Daha sonra komanda Çilidə yerləşən və kimyəvi xüsusiyyətləri təhlil etməyə imkan verən "ALMA" teleskoplar kompleksindən istifadə edib. "ALMA" teleskopunun yüksək həssaslığı sayəsində deytriumlu və normal su arasındakı incə fərqi müəyyən etmək mümkün olub. Bu, elm tarixində ulduzlararası obyekt üçün belə bir analizin aparıldığı ilk haldır.
Gələcəkdə bizi nələr gözləyir?
"3I/ATLAS" astronomlar tərəfindən bu günə qədər kəşf edilmiş cəmi üçüncü ulduzlararası obyektdir. Teresa Panek-Karrenyo hesab edir ki, yeni rəsədxanaların axtarışlara qoşulması ilə bu cür obyektlərin sayı gələcəkdə daha da artacaq. Lakin o xəbərdarlıq edir ki, bu kiçik və zəif obyektləri aşkar edə bilmək üçün gecə səmasını təmiz və qaranlıq saxlamaq, işıq çirklənməsinin qarşısını almaq son dərəcə vacibdir. Gələcək tədqiqatlar digər planet sistemlərində baş verən prosesləri daha dərindən anlamağa imkan verəcək.






