Almaniyanın "Zeiss Semiconductor Manufacturing Technology" (Zeiss SMT) şirkəti 2022-ci ildə inşasına başladığı Oberkohen şəhərindəki yeni istehsal binasını istifadəyə verib. Bu genişlənmə "ASML" üçün strateji əhəmiyyət daşıyır, çünki EUV-skanerlərin istehsal həcmi birbaşa "Zeiss"-in optik komponentlər tədarükündən asılıdır. "ASML"-in 2025-ci il üzrə illik hesabatına əsasən, "Zeiss SMT" bu skanerlər üçün linzalar, güzgülər və işıqlandırma sistemlərinin eksklüziv təchizatçısıdır.
İstehsalatda artan maliyyə və texnoloji tələblər
"Zeiss SMT" və onun törəmə müəssisələrinə edilən satınalmaların həcmi sürətlə artır. Belə ki, 2023-cü ildə 3,33 milyard avro olan bu rəqəm, 2024-cü ildə 3,95 milyard avroya, 2025-ci ildə isə 4,41 milyard avroya çatıb. "ASML"-in maliyyə direktoru Rocer Dassen bildirib ki, 2027-ci il üçün "Low-NA EUV" sistemlərinin sifariş portfeli artıq dolmaq üzrədir və şirkət cari ildəki 65 qurğu ilə müqayisədə istehsalı 30% artırmağı hədəfləyir.
Optik komponentlərin istehsalı niyə çətindir?
Yeni sahələrin istifadəyə verilməsi optika istehsalının dərhal artacağı mənasına gəlmir, çünki "High-NA EUV" komponentlərinin hazırlanması olduqca mürəkkəb prosesdir. Bir proyeksiya sistemi 40 mindən çox hissədən ibarətdir və çəkisi təxminən 12 ton təşkil edir. İstehsal olunan güzgülər aylarla davam edən prosesdən sonra 150 tondan çox ağırlığı olan xüsusi vakuum kameralarında yoxlanılır.
Strateji investisiyalar və gələcək planlar
"ASML"-in "Zeiss SMT"-yə verdiyi kreditlərin həcmi 2025-ci ilin sonuna 1,91 milyard avroya, avans ödənişləri isə 1,19 milyard avroya çatıb. "Zeiss SMT" öz növbəsində maliyyə ilini 23% artımla, 5,055 milyard avro gəlirlə başa vurub. Şirkət Oberkohen ilə yanaşı, Vetslar şəhərində yeni zavod tikir, Rosdorf-da təmiz otaqları genişləndirir və Cənubi Koreya-da innovasiya mərkəzi açır.






