YouTube platforması VPN xidmətlərindən istifadə edən izləyicilər üçün bəzi videoların və canlı yayımların nümayişini məhdudlaşdırıb. İstifadəçilər bəzi hallarda kontentə ümumiyyətlə daxil ola bilmir, bəzən isə ekranlarında VPN-i söndürməyi tələb edən bildirişlərlə qarşılaşırlar.
Məhdudiyyətlər daha çox idman yayımları və televiziya premyeraları zamanı müşahidə olunur. Platforma bu yolla yayım hüquqları müəyyən regionlar üçün alınmamış kontentin həmin ərazilərdə izlənilməsinin qarşısını almağa çalışır. Xüsusilə "Formula-1" və Olimpiya oyunları kimi tədbirlərin yayımları zamanı istifadəçilərdən VPN və ya proksi vasitələrini deaktiv etmək tələb olunur.
Ekspertlərin fikrincə, bu tədbirlər rəqəmsal yayım bazarında artan xərclər və regional lisenziya müqavilələri ilə bağlıdır. VPN vasitəsilə istifadəçi öz ölkəsi üçün nəzərdə tutulmayan və ya hüquqları başqa distribütorlara məxsus olan kontentə çıxış əldə edir. YouTube bu məhdudiyyətlərlə həm hüquqi risklərdən qaçmağı, həm də tərəfdaşlarının maraqlarını qorumağı hədəfləyir.
Platforma istifadəçinin IP ünvanını, hesabın qeydiyyat ölkəsini, ödəniş məlumatlarını və yerləşmə tarixçəsini təhlil edərək VPN istifadəsini müəyyən edir. Bu dəyişikliklər xüsusilə Rusiya istifadəçiləri üçün daha çox nəzərə çarpır.






