xTool şirkəti kiçik biznes sahibləri və yaradıcı işlərlə məşğul olanlar üçün nəzərdə tutulmuş yeni çoxfunksiyalı cihazını təqdim edib. Modul dizayna malik olan bu qurğu CMYK çap başlığı sayəsində kağız, taxta və keçə kimi materiallar üzərində çap etmək imkanı verir. Cihazın çap başlığını sonradan lazer kəsim və oyma alətləri ilə əvəz etmək mümkündür.
M2 adlanan bu model stikerlərin çapı və kəsimi ilə yanaşı, metal su qabları üzərində dizaynların həkk edilməsi kimi müxtəlif tapşırıqların öhdəsindən gəlir. Cihazın baza qiyməti 599 dollar müəyyən edilib, lakin ilk həftə ərzində 549 dollara təklif olunur. Bu qiymətə 10W lazer diodu daxildir. Çap funksiyası üçün 749 dollarlıq, daha qalın materialların kəsimi üçün isə 20W lazerə malik 1149 dollarlıq dəstlər də mövcuddur.
M2 modelini əvvəlki versiyalardan fərqləndirən əsas xüsusiyyət daxili 5 meqapiksellik panoramik və 2 meqapiksellik yaxın plan kameralarıdır. Bu kameralar materialı skan edərək, xTool Studio proqramı vasitəsilə dizaynların dəqiq yerləşdirilməsinə kömək edir. Süni intellekt texnologiyası isə materialı avtomatik tanıyaraq kəsim və oyma parametrlərini tənzimləyir.
Cihaz inteqrasiya olunmuş hava nasosu ilə təchiz edilib. Lakin intensiv istifadə zamanı xTool, əlavə olaraq 999 dollar dəyərində olan SafetyPro AP2 hava təmizləyici sistemindən istifadəni tövsiyə edir.






