Xreal şirkəti yeni X By Xreal (XBX) subbrendini və bu brend altında hazırlanan a01 artırılmış reallıq (AR) eynəklərini elan edib. Yeni cihaz münasib qiyməti, təsvir stabilizasiyası və fərdiləşdirilə bilən ön çərçivələri ilə diqqət çəkir.
Eynəklər 1080p təsvir ölçülü, 120 Hz yeniləmə tezliyinə və 1600 cd/m2 parlaqlığa malik Micro-OLED displeylə təchiz olunub, həmçinin HDR10 dəstəyinə sahibdir. Cəmi 62 qram çəkisi olan a01, öz kateqoriyasında ən yüngül cihazlardan biridir. Digər Xreal modellərində olduğu kimi, bu eynəklərdə də daxili batareya yoxdur; cihaz telefon və ya noutbukla kabel vasitəsilə qoşulur.
İstifadəçilər öz zövqlərinə uyğun olaraq Sport, Stealth və Classic dizaynlı ön çərçivələri dəyişə bilərlər. Bundan əlavə, şirkət istifadəçilərə öz çərçivələrini 3D printerdə çap etmək imkanı da yaradır.
Cihazda premium modellərdə olan hərəkət izləmə (DoF) funksiyası olmasa da, nəqliyyatda hərəkət zamanı görüntünü sabit saxlamaq üçün yeni məkan stabilizasiyası alqoritmi tətbiq edilib. Model həmçinin şəffaf və immersiv baxış rejimlərini dəstəkləyir.
X By Xreal a01 artıq Çində satışdadır, iyul ayında isə ABŞ bazarında 299 dollar qiyməti ilə satışa çıxarılacaq.






