Portuqaliyanın Portu şəhərində yerləşən Üçüncü Karmelit Ordeni Xəstəxanasının ərazisindəki qəbiristanlıqda XIX əsrə aid nadir diş protezi tapılıb. Bu, Portuqaliyada indiyədək aşkar edilmiş ilk sənədləşdirilmiş sabit sümük diş körpüsüdür.
Protezin xüsusiyyətləri:
- Uzunluğu 24 mm, eni 6 mm və hündürlüyü 12 mm-dir.
- Üç ədəd U-şəkilli diş formasında yonulub.
- Material olaraq Bovidae (boğa cinsli) heyvan sümüyündən istifadə edilib, lakin tədqiqatçılar onun Afrika antilopuna aid ola biləcəyini də istisna etmirlər.
- Konstruksiyanın sağ küncündə qurğuşundan hazırlanmış kiçik kubik element mövcuddur.
Tədqiqatçılar mikro-kompüter tomoqrafiyası, rentgen difraksiyası və kütlə spektrometriyası kimi müasir üsullardan istifadə edərək protezi zədələmədən analiz ediblər. İlkin ehtimallara görə, protez gənc bir qadına məxsus olub. Alimlər hesab edirlər ki, bu cihaz həm funksional (çeynəməyə kömək), həm də kosmetik məqsədlərlə, diş boşluqlarını gizlətmək və nitqi yaxşılaşdırmaq üçün istifadə edilib.
Bu tapıntı dövrün stomatologiya tarixi və tibbi xidmətlərin əlçatanlığı haqqında mühüm məlumatlar verir. Belə bahalı və mürəkkəb protezin hazırlanması həmin şəxsin yüksək sosial statusa malik olduğunu göstərir. Tədqiqatın nəticələri International Journal of Osteoarchaeology jurnalında dərc olunub.






