Xiaomi şirkətinin baş direktoru Ley Tszyun smartfonlarını mütəmadi olaraq yeniləyən istifadəçilərə yeni cihaz almağı təxirə salmamağı məsləhət görüb. O, Xiaomi 17 Max-ın təqdimatı zamanı komponentlərin qiymət artımının ən azı növbəti iki il ərzində davam edəcəyini və bunun mobil cihazların dəyərinə birbaşa təsir göstərəcəyini qeyd edib.
Şirkət rəhbəri xatırladıb ki, Xiaomi ötən il yaddaş qiymətlərinin artması ilə bağlı xəbərdarlıq edən ilk şirkətlərdən biri olub. Hazırda yaddaş və saxlama qurğularının bahalaşması istehsal maya dəyərinə ciddi təsir göstərir. Xiaomi bu təsiri azaltmaq üçün təchizat zəncirinin səmərəliliyini artırmağa və daxili texnoloji optimallaşdırma aparmağa çalışsa da, qiymət sabitliyini qorumaq getdikcə çətinləşir.
Xiaomi Group-un prezidenti Lu Veybinin proqnozuna görə, yaddaş qiymətlərindəki artım tendensiyası 2027-ci ilin sonuna, hətta 2028-ci ilə qədər davam edə bilər. Bu vəziyyət fonunda bəzi flaqman smartfonların qiymətinin 10 000 yuanı (təxminən 1470 dollar) keçə biləcəyi istisna edilmir. Artıq Çin bazarında bir çox smartfon modelinin qiyməti mart ayından etibarən 200-400 yuan (təxminən 29–59 dollar) bahalaşıb.






