“Wikipedia”nın fəaliyyətinə dəstək verən qeyri-kommersiya təşkilatı olan “Wikimedia Foundation” (WMF) ciddi daxili proseslərlə üzləşib. Təşkilatın Böyük Britaniyada çalışan əməkdaşları “Wiki Workers United” çətiri altında birləşərək, rəsmi həmkarlar ittifaqı kimi tanınmaq üçün rəhbərliyə məktub göndəriblər. Bu, ABŞ-dan sonra ən çox işçinin çalışdığı Böyük Britaniya bölməsinin ilk belə təşəbbüsüdür.
“Communication Workers Union” tərəfindən yayılan bəyanatda bildirilir ki, son aylarda təşkilatda baş verən dəyişikliklər işçilərin şəffaflıq və etimadla bağlı narahatlıqlarını artırıb. Gərginlik xüsusilə may ayında “Wikimedia Foundation”-ın könüllülərlə işləyən vacib bir komandanı ləğv etmək qərarından sonra pik həddə çatıb. İşçilər və könüllülər bu qərarın təşkilatın gələcəyinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.
Bu proses könüllülərə necə təsir edir?
“Wikimedia Foundation”-ın qərarları təkcə əməkdaşları deyil, həm də “Wikipedia”-nı yaradan və qoruyan minlərlə könüllü redaktoru narahat edib. 1100-dən çox könüllü “Wiki Workers United”-a dəstək verən petisiyaya imza ataraq, zərurət yarandığı təqdirdə kollektiv aksiyalara, o cümlədən redaktə işlərini dayandırmağa hazır olduqlarını bildiriblər. “Wikimedia Foundation”-ın aparat rəhbəri Nadee Gunasena isə işçilərin həmkarlar ittifaqı hüquqlarına hörmətlə yanaşdıqlarını və danışıqlara hazır olduqlarını bəyan edib.






