Tədqiqatçılar Venera planetinin atmosferində qeyri-adi konsentrik halqaların mövcudluğunu aşkar ediblər. Bu halqalar planetin işıqlı yarımkürəsinin böyük bir hissəsini əhatə etsə də, adi işıq şəraitində görünməz olub və yalnız xətti polyarizasiya üsulu ilə müşahidə zamanı üzə çıxıb. Sözügedən fenomen ilk dəfə 24 may 2010-cu il tarixində, 36 dəqiqəlik təsadüfi müşahidə zamanı qeydə alınıb.
Bu kəşf necə həyata keçirilib?
Müşahidələr La-Palma adasında yerləşən Uilyam Herşel adına 4,2 metrlik teleskopda quraşdırılmış eksperimental ExPo polyarimetri vasitəsilə aparılıb. Cihaz işığı iki polyarizasiya olunmuş şüaya bölərək, atmosfer turbulensiyasını və cihaz xətalarını minimuma endirib. Xüsusi dar zolaqlı filtrlərdən istifadə edildikdə, atmosferdə əvvəllər heç vaxt müşahidə olunmayan qeyri-adi dairələr aşkar edilib.
Nə üçün bu məlumatlar 16 il gizli qalıb?
Kəşf edildiyi vaxt ExPo cihazı artıq söküldüyü üçün təcrübəni təkrar etmək mümkün olmayıb. Alimlər bu fenomeni fiziki baxımdan izah edə bilmədikləri üçün uzun müddət nəticələri açıqlamamağa qərar veriblər. Yalnız illər sonra, Yaponiya-nın «Akatsuki» zondu planetin atmosferində qütbdən qütbə yayılan dalğaları qeydə aldıqdan sonra tədqiqatçılar bu tapıntıya yenidən qayıdıblar.
Bu halqaların təbiəti nədir?
Aparılan modelləşdirmələr göstərir ki, Venera atmosferində sıxlığı 5–10% artıran və günəş enerjisinin daşınmasına cavabdeh olan dalğalar mövcud ola bilər. Bu proses, çox güman ki, bulud qatının Günəş tərəfindən qızması və sonradan küləklər vasitəsilə yaranan təlatümlərlə bağlıdır. Əgər bu məlumatlar təsdiqlənərsə, elm dünyası planetin öz oxu ətrafında fırlanma sürətindən daha sürətlə hərəkət edən sirli bulud örtüyünü daha dərindən anlaya biləcək.






