Valve şirkəti Steam Deck modellərinin satış qiymətlərini əhəmiyyətli dərəcədə artırıb. Yenilənmiş qiymət siyahısına əsasən, 512 GB-lıq Steam Deck OLED modeli 549 dollardan 789 dollara, 1 TB-lıq model isə 649 dollardan 949 dollara yüksəlib. Hazırda hər iki model Steam platformasında satışdadır və çatdırılma müddəti 3-5 iş günü olaraq göstərilir.
Şirkətdən verilən açıqlamada qiymət artımının səbəbi kimi “yaddaş və saxlama komponentlərinin bahalaşması” göstərilib. Valve bildirib ki, bu yeni qiymətlər komponent xərclərinin hazırkı vəziyyətini və sənayedəki qlobal logistik çətinlikləri əks etdirir. Cihazın texniki xüsusiyyətlərində isə heç bir dəyişiklik edilməyib.
Bundan əlavə, hazırda bəzi yenilənmiş (refurbished) modellər də satışdadır: 512 GB-lıq OLED modeli 629 dollar, 1 TB-lıq OLED modeli isə 759 dollar təşkil edir.
Qeyd edək ki, yaddaş və saxlama qıtlığı təkcə Valve-ə deyil, digər texnologiya nəhənglərinə də təsir edib. Aprel ayında Lenovo Legion Go 2-nin qiymətini artırıb, Sony və Nintendo isə PlayStation və Switch 2 üçün qiymət artımları elan ediblər.






