Çinin "Unitree" şirkəti fantastik filmlərdən ilhamlanaraq qeyri-adi bir texnologiyaya imza atıb. Şirkətin qurucusu Wang Xingxing tərəfindən nümayiş etdirilən "GD01" adlı yeni robot, içərisində insan üçün xüsusi kabinəyə malikdir. İki əli və iki ayağı olan bu mexanizm həm insan idarəsi ilə, həm də tamamilə avtonom şəkildə hərəkət edə bilir.
"GD01" modeli təkcə iki ayaq üzərində deyil, həm də dörd ətrafı üzərində gəzmək qabiliyyətinə malikdir. Bu vəziyyətdə robotun "döş qəfəsi"ndəki kabinədə əyləşən şəxs üzü yuxarı uzanmış formada olur. Nümayiş etdirilən qısa videoda robotun beton bloklardan ibarət divarı bir yumruqla dağıtması onun yüksək gücə və manevr qabiliyyətinə malik olduğunu göstərir. Şirkət bu texnologiyanın sırf mülki məqsədlər üçün nəzərdə tutulduğunu və ehtiyatla istifadə edilməli olduğunu vurğulayır.
İnsanla birlikdə ümumi çəkisi təxminən 500 kq olan robotun bazara çıxarılacağı təqdirdə başlanğıc qiyməti 650 min ABŞ dolları olacaq. Hələlik satışa çıxarılma tarixi və digər texniki göstəricilər açıqlanmayıb. Ekspertlərin fikrincə, bu layihə əsasən "Unitree" şirkətinin kütləvi səhm satışı (IPO) ərəfəsində investorların diqqətini cəlb etmək məqsədi daşıyır.
Qeyd edək ki, ötən ilin yekunlarına görə "Unitree" dünyada insanabənzər robotların ən böyük tədarükçüsü olub. Əsasən Çin bazarında fəaliyyət göstərən şirkətin gəlirləri dörd dəfədən çox artaraq 251 milyon ABŞ dolları təşkil edib. Eyni zamanda, şirkət bu seqmentdə nadir hallarda rast gəlinən 88 milyon ABŞ dolları məbləğində xalis mənfəət əldə etməyi bacarıb.






