"Humanoids Daily" nəşrinin məlumatına görə, Çinin "Unitree Robotics" şirkəti tərəfindən hazırlanmış "Unitree H1" humanoid robotu 100 metrlik qaçış zolağında 10 m/s (saatda 36 km) sürət inkişaf etdirərək öz sinfində dünya rekorduna imza atıb. Bu nəticə ilə o, rəqibi olan "MirrorMe Bolt" modelinə çatmağı bacarıb. Çəkisi 62 kq, ayaqlarının uzunluğu isə 0,8 metr olan bu android artıq əksər sıravi insanlardan daha sürətli qaça bilir.
Müqayisə üçün qeyd edək ki, dünyanın ən sürətli insanı sayılan Useyn Bolt (Usain Bolt) karyerasının zirvəsində 12,42 m/s sürət yığa bilirdi. "Unitree H1" isə 2024-cü ilin əvvəlində indiki göstəricisindən üç dəfə yavaş idi. Mütəxəssislərin fikrincə, bu cür heyranedici irəliləyiş yalnız aparat təminatının deyil, əsasən proqram təminatının optimallaşdırılması sayəsində əldə edilib. ABŞ istehsalı olan "Tesla Optimus" isə maksimum 2,7 m/s sürətlə hərəkət edir. İlon Mask (Elon Musk) vaxtilə bildirmişdi ki, "Optimus" qəsdən yavaş və zəif dizayn edilib ki, təhlükə anında insan ondan qaça və ya ona asanlıqla qalib gələ bilsin.
Hazırda "Unitree" şirkəti IPO-ya (İlkin Kütləvi Təklif) hazırlaşır. Bu səbəbdən texnoloji imkanların nümayişi investorların diqqətini cəlb etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd edək ki, bu ayın sonuna qədər Pekin şəhərində humanoid robotların iştirakı ilə ikinci illik yarımarafonun keçirilməsi planlaşdırılır. Tədbirdə iştirak etmək üçün artıq 300-dən çox müxtəlif robot modeli qeydiyyatdan keçib.






