"TSMC" şirkətinin Yaponiyanın Kumamoto şəhərindəki törəmə müəssisəsi fəaliyyət tarixində ilk dəfə olaraq mənfəətə çıxıb. 2026-cı ilin I rübündə "JASM" (Japan Advanced Semiconductor Manufacturing) birgə müəssisəsi 30 milyon ABŞ dolları gəlir əldə edib. Qeyd edək ki, 2024-cü ilin sonunda kütləvi istehsala başlayan fabrik indiyədək zərərlə işləyirdi. Belə ki, müəssisənin itkiləri bir rüb əvvəl təxminən 44 milyon ABŞ dolları, bir il əvvəl isə 103 milyon ABŞ dolları təşkil edirdi. Analitiklərin fikrincə, bu müsbət dəyişiklik istehsal güclərinin yüklənməsinin artması ilə bağlıdır.
Səhmlərinin 77 %-i "TSMC" şirkətinə məxsus olan birinci "JASM" fabriki avtomobil və sənaye elektronikası üçün çiplər buraxır. Bu müəssisə 12, 16, 22 və 28 nm kimi yetkin texnoloji proseslər əsasında fəaliyyət göstərir. Bununla paralel olaraq, Kumamotoda ikinci fabrikin inşası davam edir. Başlanğıcda bu zavod üçün 6 nm texnoloji proses planlaşdırılsa da, fevral ayında qlobal süni intellekt sistemləri üçün çiplərə olan yüksək tələbat nəzərə alınaraq, qərar qabaqcıl 3 nm texnologiyasının xeyrinə dəyişdirilib.
Şirkətin ABŞ-dakı bölməsi olan "TSMC Arizona" isə daha diqqətçəkən mənfəət artımı nümayiş etdirib. 2026-cı ilin I rübündə bu bölmənin gəliri təxminən 597 milyon ABŞ dolları olub. Müqayisə üçün bildirək ki, bu göstərici əvvəlki rübdə 361 milyon ABŞ dolları, 2025-ci ilin eyni dövründə isə cəmi 16 milyon ABŞ dolları idi. Hətta bir rüblük nəticə Arizona bölməsinin bütün 2025-ci il ərzində qazandığı 512 milyon ABŞ dolları məbləğini belə geridə qoyub. Mütəxəssislər bu sıçrayışı süni intellekt bumu və fabrikin ABŞ bazarındakı ən böyük müştərilərə xidmət göstərməsi ilə izah edirlər.






