Çərşənbə günü ABŞ Dairə Məhkəməsinin hakimi James Boasberg Müstəqil Texnologiya Tədqiqatları Koalisiyası (CITR) ilə Dövlət Katibi Marco Rubio və digər Tramp administrasiyası rəsmiləri arasındakı məhkəmə işi üzrə arqumentləri dinləyib. İddia, Amerika texnologiya platformalarından qlobal məzmun moderasiyası siyasətlərini qəbul etməyi tələb edən xarici rəsmilərə viza verilməsini məhdudlaşdıran qaydalarla bağlıdır. CITR bu siyasətin qarşısını alan ilkin qadağa qərarının çıxarılmasını tələb edir.
Sözügedən siyasət keçən ilin may ayında elan edilib və Dövlət Departamenti dekabr ayında sanksiyalar tətbiq edərək, hədəflərin "xarici dövlətlər tərəfindən senzura təzyiqlərini irəli sürdüyünü" bildirib. Sanksiyaya məruz qalan beş nəfər arasında Avropa İttifaqının rəqəmsal xidmətlər qaydalarının icrasına rəhbərlik etmiş sabiq rəsmi Thierry Breton da var. Siyahıya həmçinin CITR üzvləri olan Rəqəmsal Nifrətə Qarşı Mübarizə Mərkəzinin (CCDH) və Qlobal Dezinformasiya İndeksinin (GDI) rəhbərləri daxildir.
Tədqiqatçılar üçün hansı risklər var?
CITR iddia edir ki, bu siyasət alimlərin sərbəst danışmaq və nəşr etmək hüququna zərər vurur. Tədqiqatçılar məhkəməyə verdikləri ifadələrdə viza statuslarına təhlükə yarada biləcəyindən qorxaraq işlərini ictimaiyyətə açıqlamaqdan çəkkindiklərini və ya beynəlxalq səfərlər ərəfəsində bəzi nəşrləri gecikdirdiklərini bildiriblər.
"Qorxutma effektinin ən pis tərəflərindən biri heç vaxt həyata keçirilməyəcək tədqiqatlardır,"- deyə CITR-in icraçı direktoru Brandi Geurkink dinləmədən sonrakı mətbuat konfransında qeyd edib.
Hökumətin mövqeyi necədir?
Hökumətin müdafiəsi əsasən siyasətin çox dar çərçivədə tətbiq edilməsinə əsaslanır. Vəkil Zack Lindsey iddia edib ki, bu qayda yalnız xarici hökumətlər üçün işləyən şəxslərin davranışlarını hədəf alır, ona görə də müstəqil tədqiqatçıların qorxmasına ehtiyac yoxdur. Lakin CITR adından çıxış edən Knight First Amendment Institute-un baş vəkili Carrie DeCell bildirib ki, CCDH-nin baş direktoru Imran Ahmed kimi şəxslərin xarici hökumətlə əlaqəli olduğuna dair heç bir sübut yoxdur. Qeyd edək ki, Imran Ahmed ABŞ-da qanuni daimi yaşayış icazəsinə malikdir.
Hakim James Boasberg hökumətin məhkəmənin yalnız deportasiya ilə üzləşən fərdi viza sahibinin hüquqi etirazı kontekstində siyasətin konstitusiyaya uyğunluğunu qərarlaşdıra biləcəyi ilə bağlı iddiasını şübhə altına alıb. O, qaydanın bərpaedilməz zərərin qarşısını almaq üçün dayandırılmalı olub-olmadığına tezliklə qərar verəcək. Hakim məsələni tam aydınlaşdırmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.






