Donald Tramp həyat yoldaşı Melaniya Tramp barəsində etdiyi zarafata görə "Disney" şirkətindən teleaparıcı Cimmi Kimmelin işdən azad edilməsini istəyir. Cümə axşamı yayımlanan verilişdə Kimmel Ağ Ev Muxbirləri Şam Yeməyi ilə bağlı səhnəcikdə Melaniya Trampı "gələcək dul qadın" adlandırıb. Bu hadisədən cəmi iki gün sonra, şənbə günü həmin tədbirdə silahlı şəxs tərəfindən sui-qəsd cəhdi baş verib. Tədbirdə iştirak edən Tramp cütlüyü və digər rəsmilər dərhal zaldan təxliyə ediliblər.
Son aylarda səhhəti ilə bağlı fərziyyələrlə üzləşən Donald Tramp bu zarafatı özünə qarşı hücuma təhrik kimi qiymətləndirib. O, "Truth Social" platformasında məsələyə sərt reaksiya verərək yazıb:
"Kimmelin iyrənc şiddət çağırışına bu qədər insanın qəzəblənməsini təqdir edirəm. Normalda onun dediklərinə məhəl qoymazdım, lakin bu, həddi aşmaqdır. Cimmi Kimmel dərhal 'Disney' və 'ABC' tərəfindən qovulmalıdır."
Bazar ertəsi səhər Melaniya Tramp da "X" sosial şəbəkəsində aparıcını tənqid edib. O, "ABC" rəhbərliyinin cəmiyyətin zərərinə Kimmelin bu cür iyrənc davranışlarına göz yummasını qınayaraq kanalın qəti mövqe nümayiş etdirməli olduğunu vurğulayıb. Hələlik "Disney" şirkəti məsələ ilə bağlı açıqlama verməyib. Qeyd edək ki, Kimmel sentyabr ayında FCC sədri Brendan Karrın təzyiqi ilə başqa bir qalmaqallı şərhinə görə müvəqqəti uzaqlaşdırılsa da, qısa müddət sonra işinə bərpa edilmişdi.






