The Witcher seriyasının dördüncü oyununun çıxmasına hələ vaxt olsa da, pərəstişkarlar Riviya Geraltı ilə vidalaşmaq məcburiyyətində qalmayacaqlar. CD Projekt Red (CDPR) studiyası The Witcher 3 üçün 2027-ci ildə buraxılacaq "Songs of the Past" adlı yeni genişlənmə paketini elan edib.
Layihə CDPR və Polşanın "Fool’s Theory" studiyası tərəfindən birgə hazırlanır. Oyunun ilk iki genişlənməsi olan "Hearts of Stone" və "Blood and Wine" əsas oyunun çıxışından bir il sonra təqdim edilsə də, yeni əlavənin oyunun orijinal buraxılışından on ildən çox müddət sonra gəlməsi diqqət çəkir. 2015-ci ildə satışa çıxarılan The Witcher 3, 2022-ci ildə vizual və performans yeniləmələrini əhatə edən "next-gen" versiyası ilə dəstəklənmişdi.
CDPR-in məlumatına görə, oyun indiyədək 60 milyondan çox nüsxə sataraq bütün zamanların ən çox satılan oyunlarından birinə çevrilib. "Songs of the Past" genişlənməsi PS5, Xbox və PC platformaları üçün nəzərdə tutulub. Genişlənmə ilə bağlı daha ətraflı məlumatın yay aylarında açıqlanması gözlənilir.






