Tesla şirkəti istehsal prosesində baş verən texniki nasazlıq səbəbindən 14 575 ədəd Model Y avtomobilini geri çağırır. 17 noyabr 2024-cü il və 21 aprel 2026-cı il tarixləri arasında istehsal olunan avtomobillərdə çəki sertifikatı etiketinin çatışmadığı müəyyən edilib.
Problemin səbəbi nədir?
Şirkətin Kaliforniyanın Fremont şəhərindəki zavodunda istifadə olunan avtomatlaşdırılmış skanlama alətindəki xəta nəticəsində bəzi avtomobillərə bu etiket yapışdırılmayıb. Sürücü qapısının içərisində yerləşən bu etiket avtomobilin maksimum təhlükəsiz yüklənmə çəkisini, şin məlumatlarını və istehsal tarixini əks etdirir.
Nə etmək lazımdır?
- Tesla təxmin edir ki, geri çağırılan avtomobillərin yalnız 45 faizində etiket əskikdir.
- Şirkət artıq istehsal xəttindəki avtomatlaşdırılmış aləti təmir edib və əməkdaşlar tərəfindən əl ilə yoxlamalara başlanılıb.
- Digər Tesla geri çağırmalarından fərqli olaraq, bu problemi proqram təminatı yeniləməsi ilə həll etmək mümkün deyil.
- Avtomobil sahibləri nəqliyyat vasitələrini fiziki olaraq servis mərkəzlərinə aparmalı və etiketin olub-olmadığını yoxlatmalıdırlar.






