İyun ayında Texasın Keti şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 44 yaşlı Michael Butler-in idarə etdiyi "Tesla Model 3" yaşayış evinə çırpılıb. Qəza nəticəsində evdə olan 76 yaşlı Martha Avila həyatını itirib. NTSB tərəfindən aparılan araşdırmalar zamanı avtomobilin elektron məlumatları təhlil edilib və sürücünün avtopilot sisteminə müdaxilə etdiyi müəyyənləşib.
Qəza necə baş verib?
Müstəntiqlər qəza anında avtomobilin sürətinin saatda 70 mildən (təxminən 112 km/saat) çox olduğunu təsdiqləyiblər. Hadisə yerindəki yolun sürət həddi isə cəmi 30 mil (təxminən 48 km/saat) təşkil edir. "Tesla"-nın süni intellekt üzrə rəhbəri Ashok Elluswamy-nin açıqlamasına görə, sürücü qaz pedalını tam sıxaraq sistemin avtomatik idarəetmə funksiyasını ləğv edib.
Sürücü hansı ittihamlarla üzləşib?
Qəzadan sonra həbs edilən Michael Butler-ə qarşı adam öldürmə ittihamı irəli sürülüb. İstintaq materiallarına görə, sürücü xəstəxanada verdiyi ifadədə avtomobili özünüidarəetmə rejiminə qoyduğunu və huşunu itirdiyini iddia edib. Lakin onun telefonunda aşkar edilən axtarış tarixçəsi, o cümlədən "Tesla"-nın FSD sisteminin kifayət qədər aqressiv olmaması ilə bağlı sorğular istintaqın diqqət mərkəzindədir. Hazırda Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) də hadisə ilə bağlı araşdırmalarını davam etdirir.






