Dünyanın aparıcı batareya istehsalçısı olan "CATL" şirkəti, 2027-ci ildə bərk cisimli dartıcı akkumulyatorların kiçik seriyalı istehsalına start verəcəyini açıqlayıb. 20 A·saat tutuma və 500 Vt·saat/kq enerji sıxlığına malik olacaq bu batareyalar, mövcud texnologiyalardan təxminən iki dəfə daha səmərəlidir. Bu yenilik elektromobillərin yürüş məsafəsini 700-1000 km-ə qədər yüksəltmək potensialına malikdir.
Bu texnologiya necə işləyir?
Ənənəvi litium-ion batareyalarından fərqli olaraq, bərk cisimli batareyalarda maye elektrolit əvəzinə bərk ion keçirici materiallardan istifadə olunur. "CATL" yüksək ion keçiriciliyinə malik sulfid əsaslı elektrolitlərə üstünlük verir. Lakin bu konstruksiyada elektrodlar və bərk elektrolit arasında sabit təması qoruyub saxlamaq texniki çətinliklər yaradır. Bundan əlavə, sulfid materiallarının nəmə qarşı həssaslığı istehsal prosesində ciddi nəzarət tələb edir.
Sənayedə rəqabət və gözləntilər
Şirkətin İdarə Heyətinin sədri Robin Zeng, texnologiyanın yetkinlik səviyyəsini 9 pilləli şkalada 4-cü pillədə qiymətləndirib. Müstəqil analitiklərin fikrincə, "Toyota" və "Samsung SDI" kimi şirkətlər hazırda 5-6-cı pillədə olmaqla bu sahədə bir qədər öndədirlər. Buna baxmayaraq, "Samsung SDI" və "BYD" də 2027-ci ilin sonuna qədər bərk cisimli batareyaların kütləvi istehsalına başlamağı hədəfləyir. "CATL" üçün tammiqyaslı kütləvi istehsalın isə 2030-cu il civarında reallaşacağı proqnozlaşdırılır.






