"Tesla" şirkəti qlobal bazarda müşahidə olunan yaddaş çipləri çatışmazlığı fonunda özünün humanoid robotları olan "Optimus" modellərində texniki dəyişikliklər etmək məcburiyyətində qalıb. Şirkət rəhbəri İlon Mask-ın açıqlamasına görə, kütləvi istehsalı davam etdirmək və yüksək qiymətlər səbəbindən maya dəyərini optimallaşdırmaq üçün robotların operativ yaddaş (RAM) həcmi azaldılıb.
Dəyişikliklərə əsasən, "AI5" prosessoru ilə təchiz edilmiş versiyalarda LPDDR5 yaddaşının həcmi 96 QB-a, "AI6" prosessoru ilə işləyən modellərdə isə LPDDR6 yaddaşının həcmi 144 QB-a endirilib. Bu, əvvəlki planlarla müqayisədə təxminən üçdə bir nisbətində azalma deməkdir.
Bu dəyişiklik robotların işinə necə təsir edəcək?
İlon Mask qeyd edib ki, yaddaş həcminin azaldılması "Optimus" robotlarının ümumi məhsuldarlığına cüzi təsir göstərəcək. Onun sözlərinə görə, robotların işində yaddaşın ümumi həcmindən daha çox onun ötürmə qabiliyyəti (bandwidth) həlledici rol oynayır. Şirkət ötürmə qabiliyyətini sabit saxlamaqla, yaddaşın həcmini optimallaşdırmağa nail olub.
Mövzu ilə bağlı müzakirələr "Micron Technology" şirkətinin baş direktoru Sancay Mehrotra-nın hər bir humanoid robotun avtopilotlu avtomobil qədər yaddaşa ehtiyacı olacağı barədə proqnozundan sonra başlayıb. Ekspertlər hesab edir ki, 10 milyard robotun istehsalı dünya üzrə illik yaddaş istehsalı həcmini 45 dəfə üstələyə bilər, bu da "Tesla" kimi şirkətləri resurslardan daha qənaətlə istifadə etməyə vadar edir.






