"Sony" şirkəti "PS5" konsollarında oyunların işə salınma üsullarını məhdudlaşdırmağa hazırlaşsa da, müstəqil tərtibatçılar tam əks istiqamətdə fəaliyyət göstərirlər. "Videocardz" portalının məlumatına görə, "jailbreak" edilmiş (sındırılmış) "PS5" modelləri üçün iki yeni layihə istifadəyə verilib.
Tərtibatçı Rafael Abud Ferreira tərəfindən hazırlanan "PSBox Cloud Gaming" (versiya 0.9.5) aləti konsola "Xbox Cloud Gaming" tətbiqini əlavə edir. Bu proqram "Game Pass Ultimate" abunəliyi vasitəsilə 1080p keyfiyyətində və 60 kadr/s sürəti ilə oyun oynamağa imkan verir. Həmçinin, "DualSense" nəzarətçisinin funksiyaları və "AMD FSR 1", "Anime4K" kimi təsvir yüksəltmə texnologiyaları dəstəklənir.
Digər bir təşəbbüs olan "PS5 Proton" (PP) layihəsi isə "Valve" şirkətinin "Proton" texnologiyasına əsaslanır. Mihawk adlı mütəxəssisin rəhbərlik etdiyi bu layihə, "Linux" quraşdırmadan birbaşa "Windows" oyunlarını işə salmağı hədəfləyir. Gələcəkdə bu layihənin "Mihawk OS" adlı, "Windows 11"-ə bənzər bir əməliyyat sisteminə çevrilməsi planlaşdırılır.
Bundan əlavə, modderlər "PS5" üzərində müxtəlif konsolların emulyatorlarını işə salmaq üçün də çalışırlar. Hazırda "PS2" (PS5SX2), "PS3" (RPCS3), "Xbox" (XPSemu) və "Nintendo Switch" (ProsperoEden) kimi platformaların oyunlarını konsola gətirmək üçün intensiv işlər aparılır.






